Ermənistan dövləti tərəfindən Azərbaycan xalqına məxsus olan tarixi, dini, mədəni və digər abidələrin dağıdılması, məhv edilməsi, mənilməsi prosesi bu gün də davam edir. Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə Ermənistan tərəfindən bu torpaqlarda azərbaycanlılara məxsus bütün tarixi abidələr məhv edilib, islam dəyərləri barbarlığa məruz qalıb, məscidlər yerlə-yeksan olunub. Amma çox təəsüf ki, dünya ictimaiyyəti Ermənistanın bu barbarlığına, vandalizminə səssiz qalıb. Dünyada xalqlara məxsus tarixi, dini, mədəni abidələrin qorunması ilə məşğul olan UNESCO belə bu məsələ ilə bağlı konkret addım atmayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı professor Eldar Quliyev deyib.
Professor bildirib ki, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda dini, tarixi, mədəni abidələrin qorunması, mühafizəsi ilə bağlı məsələlər öz əksini tapıb: “Çünki ümumdünya irsinə aid olan abidələr yerləşdikləri ərazidən və inzibatı məxsusluqdan asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur. Bu baxımdan da Ermənistanın paytaxtı tarixi Azərbaycan şəhəri olan İrəvanda xalqımıza məxsus tarixi, dini, mədəni abidələr məhv edilmək üzrədir. Bu tarixi Azərbaycan şəhərində qədimdən azərbaycanlılar, türklər yaşayıb. Ona görə də, burada bütün tarixi abidələr Azərbaycan xalqına məxsusdur. Tarixi ədəbiyyatlarda İrəvan şəhərinin adı bir çox hallarda Rəvan kimi qeyd edilib. Tarixçilərin, etnoqrafların fikrincə, İrəvan toponimi türk dilində "kişi", "igid" mənasını verən bir addır. Amma buna baxmayaraq bu əraziyə çox sonralar köçürülən ermənilər əsassız şəkildə İrəvan toponimini Nuh peyğəmbərin adı ilə bağlamağa cəhd edir. Təkzibedilməz faktlar sübut edib ki, bu şəhərin erməni “toponimi” ilə heç bir əlaqəsi və bağlılığı yoxdur. Çünki bu şəhər müxtəlif dövrlərdə Çuxursədd bəylərbəyliyinin, İrəvan xanlığının, İrəvan quberniyasının mərkəzi olub”.
Millət vəkili qeyd edib ki, İrəvan şəhəri tarixən bir neçə əsas küçə və məhələlərdən ibarət olub: “Bu məhələlərdən Təpəbaşı, Dəmir Bulaq, Toxmaq, Sabunçu, Yoncalıq və s qeyd etmək olar. Tarixin ayrı-ayrı dövrlərindən mövcud olan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar dövlətinin tərkibində də İrəvan şəhəri mühüm mərkəz kimi rol oynayıb. XVIII əsrdə mövcud olmuş İrəvan xanlığının da mərkəzi şəhəri, paytaxtı İrəvan şəhəri olub. İrəvan şəhəri müxtəlif mənbələrdə Ərvan, Ervan, Rəvan adlandırılıb. Məhz həmin tarixdən isə ermənilər İrəvanın tarixi adını dəyişdirərək onub Yerevan adlandırmağa başlayıb. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə İrəvan şəhəri İrəvan xanlığının daxilində Rusiyaya birləşdirilib. Elə bu dövrdən də qədim türk-oğuz yurdu olan İrəvan qalası erməniləşdirilməyə başlanılıb. Şəhər 1918–1920-ci illərdə erməni daşnak hökumətinin, 1920-ci ildən etibarən isə Ermənistan SSR-in paytaxtı olub. Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Çünki Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən məhv edilib. Hətta 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib”.
Deputatın fikrincə, tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir: “Hazırda isə İrəvan şəhərinin tarixini özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan Təpəbaşı məhəlləsidir. Bu məhəllə İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixini əks etdirir. Ermənistan rəhbərliyi azərbaycanlıların yaşadığı İrəvan Təpəbaşı məhəlləsini tamamilə məhv etmək niyyətindədir. Çünki Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyətə malikdir. Məhz İrəvan şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi də Çar Rusiyası dövrünə təsadüf edir. 1828-ci ildən sonra qonşu dövlətlərdən Çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülüb. Hazırda isə Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdırır. Hətta oradakı məscid də fars məscidi kimi dövlət qeydiyyata alınıb. Məqsəd ərazini və orada olan dini, tarixi abidələri tamamilə dağıdıb məhv olması, azərbaycanlılara məxsus izlərin silinməsidir”.