BAKI, 17 mart. TELEQRAF
“Müstəqil Dövlətlər Birliyi (MDB) SSRİ-nin çöküşündən sonra 1991-ci ildə 3 slavyan respublikası- Rusiya, Ukrayna və Belarusiya tərəfindən yaradılanda sonradan digər respublikaların böyük bir hissəsi də Müstəqil Dövlətlər Birliyinə qoşuldu. Azərbaycan da 1993-cü ildə MDB-yə qoşulub. O zaman mərhum Heydər Əliyev Azərbaycanı bu təşkilata üzv qəbul edəndə bu çoxları tərəfindən, elə mənim özüm tərəfimdən də birmənalı qarşılanmamışdı. Çünki, qorxu var idi ki, bu, bizim suverenliyimizə, müstəqilliyimizə hansısa formada mənfi təsir göstərə bilər. Amma zaman göstərdi ki, Allah ruhunu şad eləsin, Heydər Əliyevin qərarı çox müdrik və doğru qərar olub".
Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın MDB-yə daxil olmağımız sonradan dövlət quruculuğu prosesinə öz müsbət təsirini göstərdi və dinc inkişaf yoluna keçə bildi: "Biz müstəqil, güclü dövlət qurmaq imkanı əldə elədik. İndi biz bu Protokola dəyişiklik edirik. Mənim üçün anlaşılması çətin olan məqamlar var.
Biz bilirik ki, bu təşkilat Rusiyanın liderliyi ilə yaradılıb. Məsələn, hansı birlikdən söhbət gedir ki, Rusiya bir tərəfdən MDB dövlətlərinin daha sıx inteqrasiyasından, əməkdaşlığından danışır, amma o biri tərəfdən də miqrantlara qarşı çox xoşagəlməz bir siyasət yürüdülür. Miqrantlar Rusiyada millətçi kəsim tərəfindən təhqirlərə məruz qalırlar, əmlakları qəsb edilir, hüquq mühafizə orqanları tərəfindən vəsaitləri əllərindən alınır. Amma dövlət səviyyəsində bu prosesin qarşısının alınması üçün lazımi tədbirlər çox təəssüf ki, görülmür.
Hesab edirəm ki, dövlətlər də insanlar kimidir, bəzən layiq olduqlarından artıq qiymət veriləndə, onlara diqqət göstəriləndə bunu heç də hər zaman düzgün başa düşmürlər. Ona görə də Rusiya ilə açıq danışmaq lazımdır ki, siz doğrudanmı dediyiniz kimi bu MDB dövlətlərinin daha yaxından inteqrasiyasını istəyirsiniz? Miqrantların uşaqlarının təhsil alması ilə bağlı problem yaradılıb. İndi Rusiyaya gedənlər bilirsiniz ki, 4 gün öncədən xüsusi internet portallarda qeydiyyatdan keçməlidirlər. Sonra uşaqları müəyyən yaşa çatandan sonra onların orada qalmaq problemləri ilə bağlı xeyli dərəcədə əlavə maneələr yaradılıb. Bütün bunların hamısına aydınlıq gətirilməlidir. Yəni örtülü bazar, dostluğu pozar. Mən özüm həmişə Rusiya ilə sıx əməkdaşlığın tərəfdarı olmuşam, MDB çərçivəsində daha sıx əməkdaşlığın bu gün də tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycanda bir açılım olmalıdır. Biz hətta Avrasiya məkanında Türkiyə və İranın da daxil olduğu və MDB ölkələrinin iştirakı ilə yeni bir Avrasiya İttifaqı qurmalıyıq ki, orada ümumi bazar yaradılsın, insanlarımız üçün biz biznes mühiti əldə edək, ölkəmiz daha sürətlə inkişaf edə bilsin".
Qüdrət Həsənquliyev əlavə edib ki, bu məsələlərlə bağlı biz Rusiya ilə ciddi danışıqlar aparmalıyıq: “Elə bu gün səhər internet portallarından birində oxudum ki, orada bir azərbaycanlı miqrantın əmlakı əlindən necə alınır, o, necə təhqir olunur və s. Bu məsələlərlə bağlı bizim müvafiq dövlət orqanları müəyyən addımlar atmalıdır. İndi rus dili tələbi ilə çıxış edirlər ki, guya bizim oraya tikintidə işləməyə gedən insanlar rus dilini bilməlidir. O biri tərəfdən də mətbuatda oxuyuruq ki, Rusiya Hindistandan, başqa ölkələrdən minlərlə insanları orada əmək bazarına cəlb edir. Hindistandan gələnlər rus dilini bilirlər? Əlbəttə ki, yox. Amma bu məsələlər barədə düşünürəm ki, müvafiq dövlət orqanları Rusiya ilə iş aparmalıdır, həm də bu məsələ MDB çərçivəsində çox ciddi şəkildə qaldırılmalıdır. Yəni dediyim kimi, biz seyrçi mövqe tutmamalıyıq. Mən düzdür, qanun layihəsinə səs verəcəyəm, amma o narahatlıqları da bölüşməyi özümə borc bildim ki, müvafiq dövlət orqanlarımız da bundan nəticə çıxarsınlar”.