BAKI, 24 iyul. TELEQRAF
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
İtaliyalı qonağı salamlayan müdafiə naziri onu ölkədə görməkdən məmnunluğunu ifadə edib. Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
General L.Portolano isə öz növbəsində səmimi qəbula görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.
Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.
İtaliyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.