BAKI, 15 sentyabr. TELEQRAF

“Bakı şəhərinin 2040-cı ilədək Baş Planı”na uyğun olaraq yeni şəhərsalma təşəbbüslərinin dəstəklənməsi məqsədilə İşçi qrup yaradılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama görə, işçi qrup şəhərdə dayanıqlı və inklüziv inkişafı təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və “şəhər içində şəhər” konsepsiyalarına əsaslanan layihələrə investisiyaların cəlb olunması və reallaşdırılmasını əlaqələndirəcək.

İşçi qrupun rəhbəri Baş nazirin müavini Samir Şərifov təyin olunub. Onun müavinləri iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir.

İşçi qrupun üzvləri sırasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, maliyyə nazirinin birinci müavini Anar Kərimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, fövqəladə hallar nazirinin müavini Adil Abdullayev, SOCAR prezidenti Rövşən Nəcəf, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev yer alır.

İşçi qrup investorlar tərəfindən təqdim olunan şəhərsalma layihələrinə baxacaq və ilkin qiymətləndirmə aparacaq. Layihələrin icrası zamanı müvafiq dövlət qurumları arasında koordinasiya təmin ediləcək, icazə sənədlərinin verilməsi, köçürülmə prosesi və öhdəliklərin icrası nəzarətdə saxlanılacaq.

İlkin mərhələdə Böyükşor gölü ətrafı, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasındakı ərazilər, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunun yaxınlığında yerləşən ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli əsasında yenidən qurulması nəzərdə tutulur. Bu istiqamətdə investisiya müqavilələrinin şərtləri razılaşdırılacaq və zəruri tədbirlər görüləcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.