BAKI, 5 sentyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Göygöl–Topalhəsənli–Şəhriyar–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmirinə dair sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun yenidən qurulması üçün 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə göstərilmiş məbləğdən ilkin olaraq 2 (iki) milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək. Layihənin davam etdirilməsi üçün zəruri vəsait isə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulacaq.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.