BAKI, 12 avqust. TELEQRAF

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Nizamnaməsi”ndə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, nazirliklə birgə elektron xidmətlər, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri barədə qiymətləndirmələr aparılacaq.

Həmçinin Agentlik dövlət orqanlarının (qurumlarının) rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması üçün tədbirlər görmək, habelə informasiya təhlükəsizliyinin (kritik informasiya infrastrukturu istisna olmaqla) təmini ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak ediləcək.

Bundan başqa, qurum dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi proseslərində Prezidentin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları”na uyğun olaraq iştirak edəcək.

Həmçinin Agentliyin vəzifələri və hüquqlarına aşağıdakı redaksiya verilib:

- elektron hökumət”in inkişafı, o cümlədən “elektron hökumət” layihəsinin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsində iştirak etmək;

- elektron xidmət təminatçısı, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə birgə həmin informasiya ehtiyatından və sistemindən səmərəli və effektiv istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər görmək;

- dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi, eləcə də elektron xidmətlər göstərilməsi ilə bağlı texniki tələblərə dair Nazirliyə təkliflər vermək;

- “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nin və İnformasiya Mənbələrinin Reyestrinin aparılmasında iştirak etmək;

- dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq iştirak etmək;

- elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan layihələrə onların texniki cəhətdən və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəy verilməsində iştirak etmək;

- elektron xidmətlər, habelə dövlət informasiya ehtiyatı və sistemi onların yaradılmasına, həmçinin formalaşdırılmasına, genişləndirilməsinə, bölünməsinə və ya birləşdirilməsinə dair layihələrə uyğun olmadıqda, texniki normalara, standartlara və tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması üçün Nazirliyə təkliflər vermək, dövlət orqanlarına (qurumlarına) əməli və metodiki kömək göstərmək;

- dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin, habelə elektron xidmətlərin göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkilində iştirak etmək;

- elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb edilməsi ilə bağlı Nazirliyə müraciət etmək;

- inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən normativ hüquqi aktların tələbləri pozulduqda və ya dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya onlara zərər vura biləcək davranışlara yol verildikdə, məlumat mübadiləsinin bu nöqsanlar aradan qaldırılanadək dayandırılması məqsədilə Nazirlik qarşısında məsələ qaldırmaq;

- informasiyanın ilkin mənbələrinin müəyyənləşdirilməsini, həmin mənbələrdən əldə edilməsini və istifadəsini təşkil etmək;

- elektron xidmətlərin təşviqi məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görmək;