BAKI, 12 avqust. TELEQRAF

Prezident İlham Əliyev Lənkəran rayonunda yerləşən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun bərpası ilə bağlı sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, 7 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə ilkin olaraq 1,5 milyon manat ayrılıb. Vəsait, Prezidentin 2025-ci il 10 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş dövlət investisiya proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yönəldiləcək.

Maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək. Avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri maliyyə vəsaiti isə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulacaq. Bu məqsədlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilib.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.