BAKI, 4 avqust. TELEQRAF

Prezident İlham Əliyev bir neçə qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Teleqraf xəbər verir ki, dəyişikliyə əsasən, istisna hallarda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüquqi və fiziki şəxslərə - vətəndaşlara verilməsi barədə hərrac keçirilməyəcək.

Dəyişikliyə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilməyəcək.

Buna görə də qeyd olunan hallar üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazası yaradılıb.

Həmçinin təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli binanın tikinti prosedurları sadələşdirilib.

Bundan başqa, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir:

- tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini;

- yuxardakılara müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini.

Qeyd olununur ki, rəyin bildirilməsi üçün sorğunun göndərilməsi ilə bağlı tələb təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti layihəsinə şamil edilməyəcək.

Bundan başqa, bəzi hallarda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış yerlərində yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilməyəcək.

Sənədə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış yerlərinin əvəzinə həmin torpaq sahəsində yeni yaşayış sahələrinin tikilməsi aşağıdakı hallar olduqda məqsədəuyğun hesab edilməyəcək.

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin gələcəkdə baş verə biləcək təbii fəlakət nəticəsində yaşayış sahələrinin tikintisi baxımından yüksək riskli ərazi olduğu müəyyən edildikdə;

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin təyinatı tikinti aparılmasına icazə vermədiyi və ya kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdiyi müəyyən edildikdə.

Qeyd olunan hallar tikili mülkiyyətçilərinin müraciəti əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) öz təşəbbüsü ilə 30 gün müddətində apardığı araşdırma nəticəsində müəyyən edilir.

Yaşayış məntəqəsinin planlaşdırma və tikinti layihələrində həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulduğu hallarda dağılmış tikililərin bərpası üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada başqa torpaq sahəsi verilir.

Həmçinin, dövlət bəzi hallarda torpaq sahəsinin dəyərini vətəndaşa ödəməklə ondan ala biləcək.

Bundan başqa, qanunvericiliyə yeni maddə əlavə olunub.

Belə ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerinə bələdiyyəyə məxsus torpaq sahəsində yeni evlər və çoxmənzilli binalar tikilərsə, dövlət həmin bələdiyyəyə bunun əvəzində mülkiyyətindən uyğun dəyərdə torpaq sahəsi verəcək.

Bildirilib ki, ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsi müəyyən ediləcək.

Vurğulanır ki, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüquqi proseduru yaradılacaq və yeni yaşayış yerlərinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq yerlərinin ayrılması nəzərdə tutulur.

Əgər yeni yaşayış üçün uyğun torpaq sahəsi ayrıla bilməzsə, dağıdılmış və ya yararsız hala düşmüş evlərin yerləşdiyi torpaq sahəsi dövlət tərəfindən sahibinə dəyəri ödənilməklə rekvizisiya qaydasında alınacaq.