BAKI, 4 avqust. TELEQRAF
Prezident İlham Əliyev “Dövlət borcu haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Teleqaf xəbər verir ki, dəyişikliyə əsasən, büdcə ssudalarının geri qaytarılması üzrə öhdəliklərin icrası ilə bağlı qaydalarda dəyişiklik edilib.
"Büdcə sistemi haqqında" Qanunun 1.1.13-cü maddəsinə uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Təminat Fondunun vəsaitindən istifadə edə biləcək.
"Büdcə sistemi haqqında" Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılacaq.
Həmçinin dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulacaq.
Qeyd olunan dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.