BAKI, 31 iyul. TELEQRAF
Prezident İlham Əliyev Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndlərini və Karrar qəsəbəsini Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil magistralı ilə birləşdirən yolların əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı bu yaşayış məntəqələrinə çıxışı təmin edən avtomobil yollarının əsaslı təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Vəsait 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan bölgüdən maliyyələşdiriləcək.
Maliyyələşmə Avtomobil Yolları Dövlət Agentliyi vasitəsilə həyata keçiriləcək. Maliyyə Nazirliyinə ayrılan vəsaitin təmin olunması, İqtisadiyyat Nazirliyinə isə yol layihəsinin 2026-cı ildə də davam etdirilməsi üçün zəruri maliyyə vəsaitinin növbəti ilin dövlət büdcəsi layihəsində nəzərə alınması tapşırılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.