BAKI, 7 iyul. TELEQRAF

Azərbaycan Çinlə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım icra edəcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”ni təsdiqləyib.

Bildirilib ki, sənəd 23 aprel 2025-ci il tarixində Pekin şəhərində imzalanıb.

Müqavilə suverenlik, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında iki dövlət arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı səmərəli əməkdaşlığı təşviq etmək məqsədinə xidmət edir.

Razılaşmaya əsasən, tərəflər məhkəmə və ya digər orqan tərəfindən sorğu və ya icra edilməsindən asılı olmayaraq bu Müqavilənin müddəalarına uyğun olaraq cinayət işləri ilə bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üzrə mümkün olan ən geniş qarşılıqlı hüquqi yardımı təmin edirlər.

Bu cür yardıma cinayət mühakimə icraatı üzrə sənədlərin təqdim edilməsi, şəxslərdən şahid ifadələrinin və ya izahatların alınması və verilməsi, ekspert rəylərinin alınması və verilməsi, icraata cəlb edilən əmlak və maliyyə hesablarına dair araşdırmanın aparılması və məlumatların yoxlanılması, milli qanunvericiliyə aid məlumat mübadiləsi və s. aiddir.