​BAKI, 30 may. TELEQRAF

Prezident İlham Əliyev Azərbaycanın 2027-2030-cu illər sosial-iqtisadi inkişafının növbəti mərhələsinə dair mühüm sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncam “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanmasını nəzərdə tutur.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə doqquz ay müddətində müvafiq layihələri hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb. Layihələrdə həm tədbirlərin icrası, həm də maliyyələşmə mənbələri və həcmləri ilə bağlı təkliflər də öz əksini tapmalıdır.

Yeni Strategiyanın və Dövlət Proqramının hazırlanması zamanı bir neçə vacib prinsipin təmin edilməsi də sərəncamda xüsusilə vurğulanır.

Həmçinin sərəncamda yeni dövlət proqramlarının, strategiyaların və digər sənədlərin ümumi inkişaf çərçivəsinə uyğunlaşdırılması, beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə əməkdaşlıq, dövlət qurumları, elmi təşkilatlar, ekspertlər və vətəndaş cəmiyyəti institutlarının prosesə cəlb edilməsi yer alır.

Yeni mərhələdə Azərbaycanın texnoloji tərəqqiyə uyğunlaşması, əsaslı iqtisadi modelə keçid və daha rəqabətli mühitin formalaşdırılması hədəflənir.