BAKI, 14 may. TELEQRAF

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər təsdiq olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər ölkə ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməzlər.

Qeyri-rezident fiziki şəxsin akkreditasiya olunması haqqında və ya akkreditasiyadan imtina barədə yekun qərarın qəbul edilməsi müddəti müraciətin qeydiyyata alındığı gündən başlayaraq 15 (on beş) iş günündən çox olmamalıdır.

Akkreditasiya şəhadətnaməsinin qüvvədəolma müddəti 2 (iki) ildir. Akkreditasiya şəhadətnaməsinin qüvvədəolma müddəti bitdikdən sonra yeni şəhadətnamənin alınması üçün bu Qaydanın tələblərinə uyğun olaraq ümumi qaydada müraciət edilə bilər.

Akkreditasiya şəhadətnaməsinin verilməsindən imtina olunduqda, bu barədə qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində şəhadətnamə almaq istəyən şəxsə təqdim edilir. Akkreditasiya şəhadətnaməsinin verilməsindən imtina şəxsin yenidən müraciət etməsinə mane olmur