BAKI, 5 may. TELEQRAF
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.
Teleqraf xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Dəyişikliyə əsasən, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Həmçinin yarımstasionar (günərzi) sosial xidmətin əhatə dairəsi genişləndirilir. Qanuna əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarət olacaq. Həmçinin çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və bu, yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaq.
Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət haqqında” qanunda yeni sosial-mədəni xidmət növü əlavə edilir. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır, bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.