BAKI, 17 aprel. TELEQRAF
Prezident İlham Əliyev “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Teleqraf xəbər verir ki, dəyişikliklərə əsasən, qanunun 6-cı maddəsində bir sıra yeniliklər edilib.
Belə ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən uçota alınan şəxslərin mənzillə təmin olunması hüququ təsbit olunub.
Eyni zamanda, qanunun digər hissələrində də terminoloji və məzmun dəyişikliyi aparılıb. Belə ki, müavinət anlayışına dəqiqlik gətirilib və illik müalicə məqsədilə nəzərdə tutulan maddi yardımın verilməsi ilə bağlı müddəa yenilənib.
Qanunun 7-ci və 9-cu maddələrində də uyğun olaraq “6-cı maddənin” ifadəsi “bu Qanunun 6-cı maddəsinin” kimi dəyişdirilib, 7-ci maddədə isə yaşayış sahəsi ilə təminatla bağlı müddəa yeni redaksiyada verilib.
Bundan başqa, Qanunun III bölməsi tamamilə ləğv olunub.