BAKI, 17 fevral. TELEQRAF

Prezident İlham Əliyev “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, sənədə əsasən, Komissiyaların tərkibi, fəaliyyətinin təşkili və hesabatların verilməsinə əlavə edilib.

Belə ki, komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir. Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan Katiblik (bundan sonra – Katiblik) tərəfindən təmin edilir.

Komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.

Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində hesabat verirlər. Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər. Katiblik hesabatları ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.