
BAKI, 14 fevral. TELEQRAF
2025-ci ilin yanvarında ASCO-nun gəmiləri ilə yükdaşıma göstəricilərində əhəmiyyətli artım müşahidə olunub.
Teleqraf “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə istinadən xəbər verir ki, ən böyük artım quru yük daşımalarında baş verib. 2024-cü ilin yanvarında 60 196 ton quru yük daşınmışdısa, bu rəqəm 2025-ci ilin eyni ayında 200,65% artımla 180 506 tona yüksəlib.
Tanker daşımalarında da müsbət dinamika qeydə alınıb. 2024-cü ilin yanvarında 328 533 ton yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni dövründə 359 362 tona çatıb, artım isə 9,38%-dir. Vaqon daşımalarında 2,76%-lik artım müşahidə olunub. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında isə 2 762 vaqon daşınıb.
TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınıb. 2025-ci ilin yanvarında isə bu rəqəm 4 139-a çatıb. Bu da 38,88%-lik artım təşkil edib.