“Türkiyə seçim qarşısındadır. Mənasız rəqabəti davam etdirə və ya sülhə gətirən əməkdaşlığa başlaya bilər. İran da eyni seçim qarşısındadır. Burada mənasız rəqabət, yoxsa faydalı əməkdaşlıq məsələsi var. Məncə, hər iki dövlətdə kifayət qədər praqmatik hakimiyyət mövcuddur. Cənab Ərdoğan və Ruhani müdrik adamdırlar. Fikrimcə, hər iki tərəf çalışacaq ki, indiki vəziyyətdən öz xalqları və dövlətləri üçün mümkün qədər fayda götürsünlər”.

Bunu Teleqraf.com-a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, İranla Qərb arasında razılaşma əldə edilib. Bundan sonrakı prosesi necə qiymətləndirirsiniz?
- Ortada siyasi razılaşma var, hüquqi razılaşmanın isə əsas meyarları müəyyənləşdirilib. Əgər iyun ayında bu sənəd imzalansa, bu həm İrana, həm də Qərbə xeyir gətirəcək. Bununla da İran müharibə, təcavüz, viranəlik durumundan xilas olacaq. İndən belə İran Amerikanın aləti kimi qəbul edilməyəcək. Əksinə, İranı müstəqil, dünyada öz baxışları, mövqeyi olan və bunu müdafiə etməyi bacaran ölkə kimi qəbul edəcəklər. Bu da İslam rejimi üçün müsbət hadisədir. İran həm də dinc atom proqramını inkişaf etdirmək hüququnu tanıtdırdı, eyni zamanda müharibə təhlükəsi sovuşdu. Nəhayət, sanksiyalar da götürülsə, İran təbii sərvətlərindən istifadə edərək daha çox pul qazanacaq, öz iqtisadiyyatını inkişaf etdirmək imkanlarını genişləndirəcək və xalqın rifahını yaxşılaşdıracaq. Həmçinin dünyada və bölgədə İranın nüfuzu bir qədər də artacaq. Elə iki gün bundan əvvəl prezident Putin sənəd imzaladı və hava hücumundan müdafiə silahı olan S-300 raket kompleksinin İrana satılmasına icazə verdi. Bu da, göstərir ki, İranın nüfuzu artır. Bu məsələdən Amerika nə qazanır? Amerika onu qazanır ki, mənasız qarşıdurmaya son qoyur və ola bilsin ki, əməkdaşlıq edəcəyi hörmətli və güclü tərəf müqabili qazanır. Azərbaycana gəldikdə isə biz İranla qonşu ölkəyik. Hesab edin ki, qonşunuzda yanğın olsaydı, sizin də mənzilinizə ziyan dəyəcəkdi. Amma bu yanğın olmadı. Həm də nəzərə alın ki, iranlılar müsəlman qardaşlarımızdır, xalqımızın üçdə ikisi İranda yaşayır, vahid tariximiz, müştərək mədəniyyətimiz var.

- Dediniz ki, Rusiya İrana S-300 raketi kompleksi satmaq qərarına gəlib. Ancaq bu silah satışı ilə bağlı tərəflər bir neçə il əvvəl razılıq əldə etmişdi. Sonradan Rusiya Tehrana bu silahı satmaqdan imtina etdi.
- Bəli, haqlısınız. Bu razılaşma prezident Medvedevin vaxtında oldu. Sonra Netanyahu Moskvaya səfər etdi, danışıqlar apardı. Bundan sonra raketlərin satılmasına dair müqavilə donduruldu. İran da onları məhkəməyə verərək 4 milyard dollar cərimə etdi. İndi Rusiya görür ki, İranın hörməti artıb. Üstəlik İran kimi sanksiyalara məruz qalıb və güclü dövlətin dəstəyinə ehtiyacı var. Odur ki, prezident Putin bu mənasız qadağanı aradan qaldırdı. O başqa məsələdir ki, Tehran indi bu silahı alacaq, yoxsa imtina edəcək. O zaman İranın müharibə təhlükəsi vardı, silaha da ehtiyac duyulurdu. İndi isə müharibə təhlükəsi sovuşub. Ola bilsin ki, İran indi Moskvaya desin ki, artıq silahı almıram.

- İran-Qərb yaxınlaşması, İran-Rusiya uzaqlaşması anlamına gələ bilərmi, yoxsa bu ciddi yanaşma deyil?
- Rusiya ilə İran heç vaxt dost və müttəfiq dövlətlər olmayıb. Tarixən bu iki ölkə müharibə aparıb, Rusiya onun ərazilərini qoparıb. I Dünya Müharibəsi zamanı Rusiya İranı işğal etmişdi. Sonradan İranla düşmənçilik olmasa da, bu ölkədən qazanmağa çalışırdı. İslam inqilabından sonra da İran-Rusiya arasında dostluq olmayıb. Ancaq indi mümkündür ki, iki tərəfin də mənafeyini nəzərdə tutan bir əməkdaşlıq başlasın. Rusiyanın hərbi sahədə İrana verəcəyi nələrisə var. Bunun da, müqabilində pul qazanmaq məsələsi var.

- İranın blokadadan çıxması, Avropaya açılması İran-Ermənistan əlaqələrini zəiflədə bilərmi?
- Məncə, yox. Əksinə, Ermənistana yaxşıdır ki, İran-Amerika münasibətləri düzəlir. Ermənistan da bundan fayda götürmək istəyəcək. Hərçənd ki, hesab etmirəm ki, İrəvan bundan fayda görə bilər. Ermənistan güclü deyil, cüzi və zəif iqtisadiyyata malikdir, özünü təcrid durumuna salıb, Rusiyadan asılı vassal dövlətdir. Hər hansı şəraitdən Ermənistanın özü üçün fayda götürmək imkanları məhduddur.

- İran-Amerika yaxınlaşması niyə Türkiyənin maraqlarına uyğun deyil?
- Mən belə düşünmürəm.

- Niyə?
- Türkiyənin əsas müttəfiqi Amerika İranla münasibətlərini yaxşılaşdırır. Bunun nəyi Ankara üçün pisdir? Üstəlik Amerika və Avropa İranla geniş əlaqələrə başlasalar, Türkiyə bundan öz faydasını götürəcək. Sabah İran Avropaya qaz satmaq istəsə, bunu Türkiyə vasitəsilə edəcək. İrandan Türkiyəyə qaz kəməri mövcuddur və ildə 9-20 milyard kubmetrə qədər qaz satır. İndi daha güclü bir qaz kəmərinin çəkilməsinə imkan yaranır. Söhbət İrandan Türkiyə üzərindən Avropaya çəkilə biləcək borudan gedir. Bu zaman Türkiyə bəlkə də, ilə 1 milyarda yaxın avro qazana bilər. Bundan kim imtina edər? Bir məqamı da qeyd edim ki, Ərdoğan İrana səfər etdi, prezident Ruhani ilə müzakirələr apardı. Bundan sonra Türkiyənin Yəmənə münasibəti dəyişdi və hər iki ölkə münaqişənin dinc yolla həllinə çağırış etdi. Bu göstərir ki, İranla-Türkiyə arasında geniş iqtisadi və siyasi əməkdaşlıq imkanları var.

- Söhbətin əvvəlində dediniz ki, İranla Qərb arasında razılıq əldə edilərsə, bu Tehranın siyasi nüfuzunun artmasına səbəb olacaq. Demək, Türkiyənin regiondakı nüfuzu azalacaq. Bəllidir ki, hazırda Yaxın Şərqdə İran, Türkiyə və Səudiyyə arasında nüfuz rəqabəti var...
- Türkiyə seçim qarşısındadır. Mənasız rəqabəti davam etdirə və ya sülhə gətirən əməkdaşlığa başlaya bilər. İran da eyni seçim qarşısındadır. Burada mənasız rəqabət, yoxsa faydalı əməkdaşlıq məsələsi var. Məncə, hər iki dövlətdə kifayət qədər praqmatik hakimiyyət mövcuddur. Cənab Ərdoğan və Ruhani müdrik adamdırlar. Fikrimcə, hər iki tərəf çalışacaq ki, indiki vəziyyətdən öz xalqları və dövlətləri üçün mümkün qədər fayda götürsünlər. Səudiyyəyə gəldikdə, bu ölkə heç vaxt İrana rəqib ola bilməz. Səudiyyə orta çəkili, İran isə ağır çəkili dövlətdir.

- Fakt odur ki, İran və Səudiyyə Yəməndə üz-üzə gəliblər...
- Elə bir məsələ yoxdur. Hər zaman məndən belə söz soruşanda, deyirəm ki, nə üçün belə hesab edirsiniz? Deyirlər ki, Yəməndə olan şiələr İranın agentləri və ya alətləridir. Bu, tamamilə boş söhbətdir. Yəməni, onun tarixini bilməyən adamlar belə deyə bilər. Bizdə özünü siyasətşünas adlandıranların çoxu heç nədən xəbəri olmadan hərşeyşünaslardır. İran şiə olmazdan əvvəl Yəməndə şiələr var idi. Onda belə çıxır ki, İran onların alətidir? İran şiələşməzdən əvvəl husilər şiə idi. İnqilabdan əvvəlki Yəməndə İmam Yəhya şiə idi. Yəməndə 32 il hakimiyyətdə olan Abdulla Salehi zeydi qəbiləsindəndir. Necə oldu ki, Yəmən cəmiyyətində bu proses baş verdi? Sadəcə olaraq, ərəb baharından öncə Hüseyn əl-Husi inqilabi hərəkat başlamışdı və deyirdi ki, müstəbidə qarşı vuruşmaq hər bir müsəlmanın borcudur. Hüseyn əl-Husini Abdulla Salehinin tərəfdarları 2004-cü ildə öldürdü. Bundan sonra husi hərəkatı Yəmənin bir vilayətində davam etdi. Bu vilayət isə Səudiyyə ilə sərhəddə yerləşirdi, dənizə və quruya çıxışı yox idi. Yəni İranla əlaqəsi yox idi. Ola bilsin ki, onlar hansısa ölkədə görüşüb məsləhətləşirlər, mən bunu istisna etmirəm. Amma buna sübut heç nə yoxdur. Lakin ona sübut var ki, Səudiyyə husilərin mövqeyini bombalayıb, bir çox Yəmən qəbilələrinin şeyxlərinə pul verib ki, husilərə hücum etsinlər. Yəni daima husilərə təzyiq göstərilib. İndi təyin edin, Yəməndə Səudiyyənin rolu böyükdür, yoxsa İranın? Sonradan ərəb baharı çərçivəsində Yəməndə Abdulla Saleh hakimiyyəti devrildi, paytaxt Sənada vəziyyət qəlizləşdi, bir xeyli qüvvə hakimiyyət uğrunda mübarizəyə başladı. Husilər də gördü ki, paytaxta yol açıldı. Bir növ qiyamçı Sürət Hüseynov kimi düşündülər ki, imkan var, gedib Sənanı tutaq. Belə də etdilər, ardınca ikinci böyük şəhəri tutdular. Səudiyyə də gördü ki, özünə düşmən saydığı husilər Yəməndə hakimiyyəti götürür, dövləti möhkəmləndirir, vahid hakimiyyət yaradırlar. Təbii ki, bundan da narahat oldular. Nəticədə də BMT-nin qərarı olmadan müstəqil bir dövləti bombaladılar. Bu kobud qanun pozuntusu idi. İndi Yəmənin bir çox şəhərlərində dinc əhali Səudiyyənin bu hərəkətinə qarşı etiraz aksiyaları təşkil edirlər. Onlar tələb edirlər ki, bombalanma dayandırılsın, Yəmənin infrastrukturu dağıdılmasın. Lakin Amerika və İsrail “müsəlmanları ayır-vuruş” siyasətinə uyğun olaraq Səudiyyə iqtidarına dəstək verirlər. Nəzərə alın ki, Səudiyyə Ərəbistanı bölgədə Amerikanın ən yaxın müttəfiqidir. Vəziyyət bundan ibarətdir. İran burada neyləyə bilər? Tehran deyir ki, mübahisəniz varsa, dinc yolla həll edin, niyə bir-birinizi qırırsınız.

- Dinc yolla həll mümkündürmü?
- Biz ermənilərlə müharibə aparmışıq, ərazilərimizi işğal ediblər. Ancaq görürsünüz ki, hazırda problemin dinc həlli yolundan danışılır. Dinc həll niyə olmasın? Fikrimcə, mümkündür. Səudiyyə Ərəbistanı Yəməni məcbur edə bilməyəcək ki, onun şərtlərini qəbul etsin. Əllərində kifayət qədər silahı olan husilər döyüşməyə hazırdırlar. Sabiq prezident Abdulla Salehi də ona sadiq qüvvələrlə birlikdə ondan sonrakı prezident Mənsur əl Hadiyə qarşı çıxıb. Burada gerçək vətəndaş müharibəsi gedir. Düşünmürəm ki, bu məsələdə Səudiyyə güclü tərəfdir. Ola bilər ki, Səudiyyə Pakistana pul verib bu ölkənin quru qoşunlarından istifadə etsin. Ancaq Səudiyyənin özü vuruşan deyil. İraq Şam İslam Dövləti adlı qurumun silahlı dəstələri gələndə Səudiyyə Malayziyadan qoşun hissələri gətirib İraqla sərhəddə yerləşdirdi. Bunun üçün də milyardlarla pul xərclədilər, yüksək gərginlik olan elektrik buraxmaqla sədd çəkdilər. Səudiyyə Amerikanın müttəfiqi olsa da, zəifdir.

Nemət