Akif Nağı: “Ermənilər qondarma məhkəməni fevralın 26-na təyin etməklə murdar niyyətlərini nümayiş etdirdilər”

“Hesab edirəm ki, artıq müəyyən mənada hədəfə çatırıq. Amma yenə də yüz faizlik hədəfə çatmaq mümkün olsaydı, daha bundan sonra bizim əziyyət çəkməyimizə ehtiyac qalmazdı. Hələlik istədiyimiz qərarları müəyyən parlamentlərdən ala bilmiriksə, hardasa hələ də erməni yalanlarına inanırlarsa, demək, hələ hədəfə tam çata bilməmişik. Ancaq hesab edirəm ki, dünya birliyinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb-tanımamasını özümüzə böyük bir dərd etməli deyilik. Əsas məsələ, əsas məqsəd məlumatlandırmadır. Bu məlumatlandırmanın nəticəsi olaraq müəyyən qərarların qəbul olunmasından, o cümlədən soyqırımın tanınmasından daha vacib Avropa İnsan Hüquqları Məhkəməsində Xocalı soyqırımında iştirakı təsdiqlənmiş şəxslərin məsuliyyətə cəlb olunması bizim hədəfə çatmağımız olacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. Müsahibəni təqdim edirik.

- Akif bəy, Türkiyədən yeni qayıtmısınız. Səfəriniz nə ilə bağlı idi?
- Səfərdə məqsəd Türkiyədə kifayət qədər tanınan İnsani Yardım Vəqfinin İstanbulda Xocalı soyqırımı ilə bağlı keçirdiyi simpoziumda iştirak etməkdən ibarət idi. Həmin vəqfin dünyanın 150-yə yaxın ölkəsində nümayəndəlikləri var. Türkiyənin daxilində isə 80 şəhərdə vəqfin nümayəndəlikləri mövcuddur. Qısaca olaraq İHH adlanan bu təşkilat həm maliyyə imkanları, həm də insan resursu baxımından böyük gücə malikdir. İHH-nın dəvəti əsasında keçirilən simpoziumda bu təşkilatın baş katibi Yavuz Dədə, Azərbaycanın İstanbuldakı konsulu Kənan Mürsəlov, Milli Məclisin deputatları Fazil Mustafa, İlyas İsmayılov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Yüksəl Özdən, İbrahim Qorxmaz və digərləri çıxış etdilər. Bundan sonrakı iclaslarda araşdırmaçı yazarlar Aygün Həsənoğlu, Gökmən Kılıçoğlu, Zəkəriyyə Bingöl, Kənan Alpay, Səfər Qaraqoyunlu, Aqil Ələsgər, Hatəm Cabbarlı, Xəlil Bal, deputatlar Fazil Mustafa, İlyas İsmayılov, Xocalı hadisələrinin şahidi Dürdanə Ağayeva, mən və digərləri mövzu ilə əlaqədar dinləyiciləri bilgiləndirdik. Simpoziuma, eyni zamanda, QAT-ın Türkiyə nümayəndəsi Cəfər Dal, QAT idarə heyətinin üzvü Tahir Bayramov və QAT Ali Məclisinin üzvü İlqar İbrahimov da iştirak edirdi. Simpoziumda maraqlı çıxışlar oldu, müzakirəyə maraqlı məsələlər çıxarıldı. Həm Xocalı və Xocalı faciəsi barədə geniş məlumat verildi, həm də üç paneldə müzakirələr aparıldı. Müzakirələrdə məsələlərə elmi yanaşma sərgiləndi. Mən “Qarabağ məsələsi beynəlxalq müstəvidə” mövzusunda çıxış etdim, Fazil bəy “Xocalı soyqırımının tanınmasının hüququ tərəfləri”nə toxundu. Türkiyədən də çoxlu araşdırmaçılar maraqlı çıxışlar etdilər. Bir var, hamı Xocalıdan danışsın, faktları desin, bir də var həm Xocalı soyqırımı, həm də bütövlükdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən müxtəlif aspektlərin elmi araşdırması ortaya qoyulsun, onun ətrafında müxtəlif müzakirələr aparılsın. Hesab edirəm ki, simpozium bu baxımdan da fərqli və dəyərli idi.

- Fevralın 25-də Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı faciəsinin tanıdılması ilə bağlı işlərə Türkiyənin də ciddi dəstək verdiyini bildirdi. Siz Türkiyədə olarkən bu dəstəyi hiss etdinizmi?
- Türkiyə bu işə, həqiqətən də, geniş miqyasda töhfə verir. Qardaş ölkədə həm dövlət səviyyəsində, həm də QHT-lər səviyyəsində tədbirlər keçirilir, daha doğrusu, iş aparılır. Biz orda olarkən bunun dayanmadan aparılan bir proses olduğunu gördük. Təsəvvür edin ki, ölkənin ən müxtəlif yerlərindən ictimai təşkilatların, dərnəklərin, vəqflərin nümayəndələri bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı məsələnin müzakirəsi üçün parlamentə dəvət olunub. Bizim Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçisi Cəfər Dal da bu tədbirə dəvət olunub. Böyük bir heyətin içərisində o da var. Görün, Türkiyə dövləti səviyyəsində bu işə nə qədər diqqət yetirilir. Eyni zamanda, Türkiyənin ayrı-ayrı yerlərində Xocalı soyqırımı ilə bağlı abidələrin, parkların, küçələrin açılması artıq ənənə halını alıb. Vaxtaşırı olaraq Türkiyənin müxtəlif yerlərində Xocalı soyqırımı ilə bağlı rəsmi olaraq abidələrin, parkların, muzeylərin açıldığını eşidirik. Qeyri-rəsmi qaydada isə təşkilatlar orada geniş şəkildə iş görürlər. Həmin təşkilatlar ictimai rəyə Xocalı, Qarabağ məsələsini yeritmək istəyirlər. Onların məqsədi ondan ibarətdir ki, Türkiyə cəmiyyətində təkcə yuxarıdan hansısa tədbirlər keçirilməsin. Cəmiyyətin özündə Qarabağla, Xocalı ilə bağlı hansısa bir sosial sifariş olsun. QHT-lər bələdiyyə, parlament və prezident seçkisində Qarabağ məsələsinə, Xocalı məsələsinə isti yanaşan namizədlərin, siyasi qüvvənin seçicilərin rəğbətini qazanacaqlarını bilmələrini istəyir. Ona görə də hesab eidrəm ki, Türkiyədə Qarabağ məsələsi, Xocalı soyqırımı məsələsi ən müxtəlif səviyyələrdə çox ciddi şəkildə qoyulur və artıq bunun nəticələri də hiss olunur.

- Bəs, Azərbaycanın gördüyü işlər Sizi qane edirmi?
- Azərbaycan Xocalı faciəsinin tanıdılması yönündə çox ciddi iş aparır. Eyni zamanda, diaspor təşkilatları bununla bağlı geniş şəkildə iş görürlər. Azərbaycanın daxilində elə bir müəssisə, elə bir tələbə auditoriyası olmadı ki, bugünlərdə orada tədbir keçirilməsin. Geniş şəkildə tədbirlər keçirildi. Bunlar hamısı ictimai rəyə, insanların şüuruna təsir edən məsələlərdi. Azərbaycandan xaricdə də geniş şəkildə həm rəsmi, həm də diaspor təşkilatları səviyyəsində tədbirlər keçirirlər. Məsələn, biz Türkiyəyə çatanda, hava limanından çıxanda küçə boyunca üzbəüz Xocalı soyqırımı plakatları asılmışdı. Hələ bu fevralın 20-də idi. Hava limanına gələn, gedən, xarici və daxili qonaqlar hamısı bu plakatları görürdülər. Başqa ölkələrdə də bu var. Sadəcə olaraq bütün fəaliyyətlər analiz olunmalı, məqsədə yetişmək üçün nəyin çatmadığı nəzərə alınmalıdır. Miqyas, kəmiyyət genişdir. Söz yox ki, kəmiyyət artmalıdır, aksiyalar daha da çox olmalıdır. Ancaq keyfiyyət məsələsinə də diqqət yetirilməlidir. Hədəfə çatırıq, ya yox.

- Sizcə, çatırıqmı?
- Hesab edirəm ki, artıq müəyyən mənada hədəfə çatırıq. Amma yenə də yüz faizlik hədəfə çatmaq mümkün olsaydı, daha bundan sonra bizim əziyyət çəkməyimizə ehtiyac qalmazdı. Hələlik istədiyimiz qərarları müəyyən parlamentlərdən ala bilmiriksə, hardasa hələ də erməni yalanlarına inanırlarsa, demək, hələ hədəfə tam çata bilməmişik. Ancaq hesab edirəm ki, dünya birliyinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb-tanımamasını özümüzə böyük bir dərd etməli deyilik. Əsas məsələ, əsas məqsəd məlumatlandırmadır. Bu məlumatlandırmanın nəticəsi olaraq müəyyən qərarların qəbul olunmasından, o cümlədən soyqırımın tanınmasından daha vacib Avropa İnsan Hüquqları Məhkəməsində Xocalı soyqırımında iştirakı təsdiqlənmiş şəxslərin məsuliyyətə cəlb olunması bizim hədəfə çatmağımız olacaq.

- Xocalı faciəsinin dünya miqyasında birmənalı olaraq qəbul olunmasının Dağlıq Qarabağ məsələsinin Azərbaycanın maraqları çərçivəsində həllinə hansısa təsiri olacaqmı?
- Əsas məqsəd o olmalıdır ki, dünya həqiqəti, ermənilərin bizə təcavüz etdiyini, işğalçı hərəkətlər etdiyini bilsin, ermənilərin iç üzünü, vəhşiliklərini tanısın. Ancaq mən inanmıram ki, onu tanıyandan sonra da beynəlxalq təşkilatlar bizim barəmizdə obyektiv qərar qəbul etsinlər və Qarabağın Azərbaycana qaytarılması istiqamətində addım atacaqlar. Mən buna inanmıram. Çünki beynəlxalq münasibətlər sistemi çox ədalətsiz şəkildə qurulub. Burdan ədalət gözləməyə dəyməz. Biz torpaqlarımızı gec-tez işğaldan hərbi yolla azad etməliyik. Apardığımız təbliğat işlərinin məqsədi ondan ibarət olmalıdır ki, dünya birliyi biz hərbi əməliyyatlara başlayan anda bizim mövqeyimizi başa düşsün, bizi qınamasın və ən azı neytral qalsın. Bizə qarşı hər hansı sanksiya tətbiq etmək təşəbbüsündə olmasınlar. Yəni, “Azərbaycan hücuma keçdi” deyə səs-küy, qalmaqal salınmasın. Yəni, bu baxımdan hesab edirəm ki, keçirilən tədbirlər əhəmiyyətlidir.

- Bu gün (dünən-S.Həmid) həm də Kəlbəcərdə girov götürülmüş iki soydaşımızın “apelyasiya məhkəməsi” başlayıb...
- Ermənilər bu qondarma məhkəməni fevralın 26-na - Xocalı faciəsinin ildönümü gününə təyin etməklə öz məkrli, murdar niyyətlərini nümayiş etdirmiş oldular. Deməli, onlar öz mövqelərindən geri çəkilməyiblər. Necə ki, 1988-ci ilin fevralın 27-28-də baş verən hadisələrə görə azərbaycanlılardan qisas, intiqam almaq üçün 1992-ci ilin fevralın 26-da Xocalı soyqırımını törətdilər, indi də həmin günə “məhkəmə” təyin etməklə demək istəyirlər ki, biz hərəkətlərimizdən peşman deyilik. Ona görə də bizim nəyəsə ümid etməyimiz, cəmiyyətlər arası dialoqun yaranmasına çalışmağımız əbəsdir. Ermənilər öz əməlləri ilə bu çabaların faydasız olduğunu sübut edirlər. Girovlar məsələsinə ABŞ, Rusiya və Fransa ilk gündən tam biganə münasibət bəslədilər. Son olaraq amerikalı həmsədr Ceyms Uorlik açıqlama verdi ki, girovlar qaytarılmalıdır, bundan sonra ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Dövlət Departamentinin sözçüsü Cen Psaki nəhayət ki, bunu dilə gətirdilər. Hər üç təxminən belə bir açıqlama verib: “Biz girovların Azərbaycan hökumətinə qaytarılmasına tərəfdarıq. Hesab edirik ki, bu, yaxşı bir humanitar jest olardı”. Qeyri-insani, vəhşi ermənilərdən insani, humanitar akt gözləyirlər, özü də onu bu şəkildə ifadə edirlər. Az qalırlar ki, ermənilərə bəraət qazandırsınlar. Təxminən deyirlər: “Saxlamısan, yaxşı eləmisən. Amma mümkündürsə bir insanlıq elə, bir jest elə, onları qaytar”. Bax, bu artıq Azərbaycanı təhqir etməkdir. Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndəsi Babayan buna cavab verərək dedi ki, bu məsələ bitib, girovların geri qaytarılmasından danışmağa dəyməz, biz humanitar jest edib onların açıq məhkəməsini keçirmişik. Guya bununla humanitar jest ediblər. Rusiyanın prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov da girovların qaytarılmasını istəmişdi. Belə çıxır ki, Dağlıq Qarabağdakı bir ovuc erməni Amerikaya da, Rusiyaya da meydan oxuyur. Amma əslində, bütün bunlar hamısı onların öz oyunlarıdır. Bu tərəfdən bizə bir söz deyir, o biri tərəfdən isə Ermənistana deyirlər ki, işinizdə olun. Bax, məsələ bu cürdür.

Səxavət Həmid