AXCP sədrinin keçmiş müavini Razi Nurullayev ABŞ və Böyük Britaniya səfirliklərinin onunla bağlı AXCP sədri Əli Kərimliyə məlumat ötürmələri barədə dediklərinə bir daha aydınlıq gətirib.
"Mənim mətbuat konfransında ABŞ və Amerika səfirlikləri barədə dediklərim kontekstdən çıxarılaraq verilir. Bunun üçün də məsələyə aydınlıq gətirirəm. Bu mənim rəsmi və yazılı mövqeyimdir. Əli Kərimli ilə evində görüşərkən o, mənə deyib ki, ABŞ və Böyük Britanya səfirlikləri ona məlumat veriblər ki, mən hakimiyyətə işləyirəm. O deyib ki, onlar mənimlə bağlı məlumat toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər. Əslində, bu fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə, yalnız Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir", deyə R.Nurullayev qeyd edir.
R.Nurullayev qeyd edir ki, Ə.Kərimli ilə arasında hər zaman problem yaranıb: "Çünki o mənim yazdığım və verdiyim hər bir açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah Dağlıq-Qarabağ ilə bağlı verdiyim müsahibə və yazdığım yazıların onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər yazımın son cümləsi "bu iqtidar Dağlıq-Qarabağı satıb" olaydı. Amma istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları azalsın. O, mənə səfirliklərlə bağlı bunları deyən zaman, inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və heç zaman mənə belə bir münasibət sərgilənməyib. Üstəlik, kiçik bir mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu sözləri deməzlər. Diplomatlar çox ehtiyatlıdırlar və əsasən, ümumi fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bunları mətbuat konfransında da qeyd etmişəm. Mətbuat konfransında həm də qeyd etmişəm və bir daha bəyan edirəm ki, ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemim olmayıb və hər zaman isti münasibtlərimiz olub. Hər zaman Amerika və Böyük Britaniyanı Azərbaycan dövlətinin dostu hesab etmişəm və fikirlərimdə dəyişiklik əmələ gəlməyib.Səfirliklədə görüşdüyüm zaman, heç zaman nə mətbuata, nə də kənar şəxslərə heç nə deməmişəm. Hər zaman prinsipim iki şəxs arasında olan söhbətin elə iki şəxs arasında qalmasıdır. Bununla bağlı mətbuat açıqlamalarım araşdırıla bilər. Heç zaman ümumi sözlərdən kənara çıxmamışam və bu belə olaraq da qalacaq.
ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri stol arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikrilərimi izah etməyə çalışıram. Mən əminliklə də yalan detoktorundan da keçməyə hazıram. Heç düşünmədən. Bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm".
Ayxan