
Politoloq Zərdüşt Əlizadə Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət katibinin köməkçisi Viktorya Nulandın regiona səfərini Teleqraf.com-a şərh edib.
Politoloq bildirib ki, həmsədrlərin Ermənistanı cəzalandırmaq səlahiyyəti yoxdur: "Onlar Ermənistanın qulağını bura bilməz. Onların vəzifəsi münaqişəni tənzimləmək və nizamlamaqdır. Həmsədrlər üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlirlər. Onların təklifləri Azərbaycanın xeyrinədir. Təkliflər nədən ibarətdir? Erməni silahlıları Qarabağdan çıxsın, qaçqınlar rayonlarına qayıtsın və Dağlıq Qarabağın statusu müəyyən edilsin. Problem ondadır ki, tərəflər razılığa gələ bilmirlər. Ermənistan hakimiyyəti cığallıq edir. Danışıqların müəyyən mərhələsində razılaşmaları pozur və Dağlıq Qarabağ separatçılarını prosesə qatmaq istəyir. Digər tərəfdən, həmsədr ölkələr Ermənistana təzyiq göstərmək əvəzinə onlara yardım edir, separatçılara baş çəkirlər, ürək-dirək verirlər. Bu da məsələnin həllini müşkülləşdirir. Hazırda danışıqlar dalana dirənib, proses getmir. Formal səfərlər var və yalan sözlər var. Status-kvonun saxlanılması nə Ermənistana sərf edir, nə Azərbaycana. Həmsdər ölkələrin prezidentlərinin "status-kvo dəyişdirilməlidir" dedikdə nə nəzərdə tutduqları aydın deyil. Bəlli deyil ki, onlar nə demək istəyirlər və status-kvo kimin xeyrinə dəyişməlidir. Əslində Dağlıq Qarabağın müsətiqlliyinin tanınmasını istəyən tərəflər var, amma onlar anlamırlar ki, əhalisinin sayı 100 min civarında olan bir yerdə dövlət qurmaq olmaz".
Politoloq bildirir ki, həmsədrlər və Nuland özünü əbəs yerə yorur: "Onlar yaxşı bilirlər ki, məsələnin arxasında duran Rusiyadır. Bunu açıq demək lazımdır. Rusiya MDB regionunu - Moldovanı, Gürcüstanı, Ermənistanı, Azərbaycanı, Ukraynanı münaqişələr vasitəsilə nəzarətdə saxlayır. İlk dəfə olaraq mən Vəfa Quluzadənin dediklərini bölüşürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çökməlidir, ya da hər iki ölkədə ciddi dəyişikliklər olmalıdır. Çox yaxşı haldır ki, son vaxtlar Vəfa müəllim Ametrikanı da tənqid etməyə başlayıb. ABŞ həqiqətən də Ermənistana heç bir təzyiq göstərmir. Halbuki, onların imkanları var ki, bu ölkəyə təzyiqlər göstərsinlər. ABŞ-dakı güclü erməni lobbisi Amerikanın xarici siyasətinə təsir edir. Elə Azadlığa Dəstək Aktı olan 907-cü düzəlişi də konqresmen Con Makkeyin erməni lobbisinin təzyiqi vasitəsilə konqresdə təsdiq elətdirdi. Hazırda vəziyyət bu cürdür".
Z.Əlizadə qeyd etdi ki, əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prosesləri və dəstək almağı sürətləndirmək istəyirsə, siyasi islahatları sürətləndirməlidir: "Biz ölkəmizi elə bir həddə çatdırmalıyıq ki, ermənilər Azərbaycanda yaşamağa can atsınlar. Dağlıq Qarabağda yaşayan ermənilər də məsələ qaldırsınlar ki, biz Azərbaycan kimi gözəl ölkədə yaşamaq istəyirik".
Nulandın regiona səfərinə toxunan Z.Əlizadə qeyd etdi ki, ABŞ dövlət katibinin köməkçisi MDB ölkələrini Rusiyadan kənarlaşdırmaq istəyir: "Amerika göstərmək istəyir ki, hər zaman MDB ölkələrinin yanındadır və onların probleminin həllinə can atır. Nuland səfər etdiyi ölkələrdə hökumətlərin kefinə dəyəcək hec bir söz işlətmədi. Çox ölçülü-biçili səfər idi. Ukraynada proseslərin qızışdığı və Rusiyaya qarşı sanksiyaların gücləndiyi bir dönəmdə Nulandın səfəri Cənubi Qafqaz ölkələrinin dəstəyini almağa hesablamışdı. Mənə elə gəlir ki, hər üç ölkə Rusiyanın çökməsində maraqlıdır. Çünki hər üç ölkə Rusiyanın təsirindən və təzyiqindən yaxa qurtarmaq istəyir".
Ayxan