“Dünya Suriya hökuməti, Əsəd rejimi ilə mübarizə aparır, ancaq Əsəd rejimi də eyni zamanda İŞİD-lə vuruşur. Həm də kürd hərəkatına dəstək verən bir sıra ölkələr PKK-nın fəaliyyətindən narazıdırlar. Yəni üz-üzə dayanan qüvvələrin biri mələk, digəri şeytan deyil. Bu qüvvələrin hər birində Türkiyə üçün narahatçılıq doğuracaq hadisələr var. Ancaq ən ağır məsələlərdən biri İstanbulda, Diyarbəkirdə başlanan proseslərdir”.

Bunu Teleqraf.com-a müsahibəsində Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. Müsahibəni təqdim edirik:

- Sabir bəy, uzun illər partiyalarda sədr postunda əyləşənlər istefa verəndə və ya namizədliyini irəli sürməyəndə niyə həmin təşkilatlarda təlatümlər baş verir?
- Görünür, sədrlər güclüdür, onların yerini tutmaq çətin olur. Hərəkatdan gələn liderlərə yeni nəsil barmaqarası baxır, amma özləri sədrliyə gələndə ciddi təlatümlər baş verir. Bu, niyə belə olur məsələsi də ciddi sualdır. Yəqin ki, yerimizə kifayət qədər güclü siyasətçilər hazırlamamışıq. Əks halda belə hallar baş verməzdi.

- Bu proses nə qədər davam edəcək, ümumiyyətlə bu yaxşı haldırmı?
- Yox, yaxşı hal deyil. Amma bu, həm də təbii prosesdir və öz-özünə nizamlanacaq. Yeni nəsil gəlir və onların da kifayət qədər özlərinə yanaşma tərzi var. Müəyyən silkələnmələr, qopmalar, ayrılmalar, münaqişələr olacaq. Sonra yenə hər şey öz yerini tapacaq.

- Müsavatın simasında nədənsə hər şey öz yerini tapmır...
- Müsavat Partiyasının qurultayı normal keçdi, amma sonrakı prosesləri diqqətlə izləmədim. Güman edirəm ki, orada da münaqişələr, qarşılıqlı ittihamlar olacaq. Məncə, Müsavatı qoruyan oradakı liderlərdən daha çox müsavatçılığın tarixi ənənələridir.

- Belə bir hal VHP-də yaşana bilərmi?
- Ola bilər.

- Bunun qarşısını almaq üçün nə lazım gəlir?
- Mən öz partiyamız olduğuna görə demirəm. VHP oturuşmuş təşkilatdır, özəkləri olan partiyadır. Yəni kağız üzərində deyil. Bizim 80 rayonda təşkilatımız var, onlar da qaydasında qurulub, formalaşdırılıb. Bir sıra partiyalar meydanlarda yaranıb, xalq hərəkatından gəlmə adamlar ora toplaşıb. O zaman partiya yaratmaq asan idi. Ancaq VHP aşağıdan yuxarıya qurulub, seçicilərin özlərinin təşkil etdiyi özəklər, təşkilatlar var. Yəni partiya normal quruculuq yolu keçən siyasi partiyadır. Odur ki, bizdə müəyyən dəyişikliklər olsa da, itkilərimiz az olacaq.

- Demək istəyirsiniz ki, VHP sədri qurultayda dəyişəcək?
- Bunu qurultay müəyyən edəcək.

- Sədrin subyektiv mülahizəsi nədən ibarətdir?
- Mənim öz münasibətim var. Mən də istəyərəm ki, yenilənmə olsun, təşkilatın rəhbərliyinə gənclər gəlsin, inkişaf üçün stimul yaradaq.

- Bələdiyyə seçkilərində iştirakla bağlı sizdə qərar varmı?
- Qərarımız var. Hazırda masamızın üzərində namizədliyini irəli sürəcəyimiz bir sıra şəxslərin adı var. Bu məsələlərlə mütəmadi məşğul oluruq, seçkilərdə də iştirak etmək niyyətindəyik. Təəssüflər olsun ki, ölkəmizdə bələdiyyə sistemi tələsik qurulub, odur ki, bələdiyyələrin işi bir çox problemlərlə üzləşir. Bu səbəbdən də bələdiyyə seçkilərinə həvəs göstərən şəxslər çox deyil. Bizdə icra qurumları ilə bələdiyyələrin münasibətləri tam dəqiq deyil, əksər zaman icra qurumları üstün olur. Bələdiyyələrin yaşaması və inkişafı üçün addımlar lazım gəlir. Türkiyədə rayonun əsas işini bələdiyyələr görür. Valilər isə prezidentin təmsilçisi olaraq dövlətin ümumi siyasətinə nəzarət edir. Bələdiyyələrin işi ayrı, icra orqanlarının işi isə fərqlidir. Bizdə bələdiyyələr bir çox hallarda icra orqanlarından asılı olur, onların istəyi əsasında formalaşır. Bu səbəbdən də bələdiyyələrə həvəs getdikcə azalır. Türkiyədə isə hansı bölgədə hansı partiya güclüdürsə, onlar seçilir. Münasibətlər də düzgün və qanun çərçivəsində qurulur və partiyaların fərqliliyi işin aparılmasına mane olmur. Qeyd edim ki, parlamentdə daima bələdiyyələrlə bağlı müzakirələr gedir, bu institutun səlahiyyətlərinin dəqiqləşdirilməsi və genişləndirilməsi istiqamətində fikir mübadiləsi olur, yeni qanunlar qəbul edilir. Çalışırıq ki, bələdiyyələr bir institut kimi inkişaf etsin. Ancaq hələlik bələdiyyə və icra orqanları arasında sərhədlər tam müəyyən edilməyib.

- “İraq Şam İslam Dövləti” və bu qurumun silahlı dəstələrinin Türkiyə sərhədlərinə yaxınlaşması və qardaş ölkədə baş verənləri necə qiymətləndirirsiniz?
- İŞİD təkcə Türkiyənin məsələsi deyil. Əksinə, İŞİD bu saat dünyanın əsas gündəmində olan məsələdir. Təsadüfi deyil ki, NATO-nun baş katibi Türkiyəyə gəlib. Eləcə də, prezident Obamanın ən yaxın iki məsləhətçisi təcili Ankaraya gəlib. Bu məsələlər həm də Türkiyə prezidentinin rəhbərliyi ilə keçirilən müşavirədə müzakirə edilib. Hansı addımların atılacağı haqqında konkret bir söz deyə bilmərəm. İŞİD təkcə Suriya üçün deyil, ümumilikdə bölgə üçün ciddi problemlər yaradır və bu da hamını ciddi narahat edir. Hazırda Türkiyənin daxilində bu məsələ ciddi narazılıq və narahatlıqlar yaradır. Həm də qəribəsi budur ki, İŞİD terror təşkilatıdır və indiki Suriya hakimiyyətinin də bu qrupla mübarizəsi var. Bu da reallıqdır. Dünya Suriya hökuməti, Əsəd rejimi ilə mübarizə aparır, ancaq Əsəd rejimi də eyni zamanda İŞİD-lə vuruşur. Həm də kürd hərəkatına dəstək verən bir sıra ölkələr PKK-nın fəaliyyətindən narazıdırlar. Yəni üz-üzə dayanan qüvvələrin biri mələk, digəri şeytan deyil. Bu qüvvələrin hər birində Türkiyə üçün narahatçılıq doğuracaq hadisələr var. Ancaq ən ağır məsələlərdən biri İstanbulda, Diyarbəkirdə başlanan proseslərdir. Artıq ordu məcbur olub şəhərlərə daxil olub, toqquşmalar baş verib, ölənlər var, qarşıdurmalar müşahidə edilir. Son xəbərə görə, altı vilayətdə mitinqlər, yürüşlər və gəzintilər də qadağan edilib, məhdudiyyətlər hökm sürür və faktiki komendant saatı tətbiq edilir. Bu durum da türk cəmiyyətində ciddi narahatlıq doğurub. Dünən səhər Diyarbəkirdən gözəl bir mesaj verildi. Diyarbəkirin seçilən sənət adamları şəhərlərin müxtəlif sənət ocaqlarında eyni musiqini ifa edirlər. Göstərirlər ki, qardaşlıq, birlik pozulmamalı, Türkiyə içində qarşıdurma olmamalıdır. Yəni Türkiyədə ağıllı insanlar qarşıdurmanın ölkəyə, eləcə də, burada yaşayan kürdlərə və türklərə yaxşı bir şeylər vəd etmədiyini bilirlər. Bunun da qarşısının alınması üçün müəyyən addımlar atırlar. Hesab edirəm ki, bu çox doğru addımdır. Türkiyənin içini qatmaq bu ölkədə yaşayan heç kimin marağında deyil. Bu ancaq Türkiyənin düşmənlərinin marağında olan bir işdir ki, onlar buna sevinirlər. Biz də, bizə qardaş olan Türkiyədə sabitliyin olmasını arzu edirik.

- Hürriyyət və Demokrat Partiyasının sədri Səlahəddin Dəmirtaş Kobanidə kürdlərin İŞİD tərəfindən məhv edilməsinə Türkiyənin susmasını sərt tənqid edib. Deyib ki, əgər bura Kobani deyil, Azərbaycan ərazisi olsaydı Türkiyə bu hala susardımı....
- Hesab edirəm ki, Dəmirtaşın məlum bəyanatı tamamilə əsassızdır və obyektivlikdən uzaqdır. Əksinə, İraqın şimalında kürdlər Kərkükə daxil oldu və Türkiyə bir dövlət olaraq buna lazım olan reaksiyanı vermədi. Hətta Kərkükdə olan türklərin sərhədləri keçib Türkiyəyə daxil olmasına imkan verilmədi. Amma kürdlər üçün bütün sərhədlər açıldı. Bu saat yüz minlərlə kürd terrordan və münaqişədən qaçaraq Türkiyəyə sığınıb. Hətta indi Türkiyə hökuməti bu saat həmin kürdlərin işlə təmin edilməsi üçün müəyyən addımlar atır. Çox təəssüflər olsun ki, belə qayğıkeşlik İraqın şimalında olan Kərkükdə və Suriyanın şimal hissəsində yaşayan yüz minlərlə türkmənə göstərilmədi. Türkmənlərə kürdlər qədər qayğı göstərilmədi, zamanında onlar taleyin ümidinə buraxıldı. Hər halda hesab edirəm ki, Səlahəddin Dəmirtaş yanlış olaraq Azərbaycan və türk sözünü hallandırır. Türkiyədə üç milyona yaxın azəri türkü yaşayır və onlar heç zaman Türkiyə üçün problem yaratmayıb. Əksinə, öz hüquqlarını bütövlükdə Türkiyənin hüdudları çərçivəsində görür və yaşayırlar. Ancaq Türkiyədə bir qrup kürdün, eləcə də, Səlahəddin Dəmirtaşın apardığı siyasət əslində Türkiyədə separatçı meyllərin güclənməsinə xidmət edir. Bu mənada hesab edirəm ki, Səlahəddin Dəmirtaşın bu müqayisəsinin heç bir əsası yoxdur. Əksinə hazırda Türkiyədə birliyə, qardaşlığa ehtiyac var.

Nemət ORUCOV