BAKI, 10 fevral. TELEQRAF
Lənkəran rayonunda 1998-ci il təvəllüdlü Elmar tanışı olan qadını və onun sevgilisini rüsvayedici məlumatlarla şantaj etməkdə ittiham edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 2025-ci il martın ortalarında o, tanışı Könüllə mənzildə görüşüb. Bu zaman qapı döyülüb. Elmar Könülə qapını hüquq-mühafizə orqanları əməkdaşının döydüyünü, onların gizli münasibətindən məlumatlı olduqlarına görə ailə üzvləri arasında rüsvay olacaqlarını və pul verəcəyi halda bundan heç kimin xəbər tutmayacağını bildirib.
Hadisə zamanı qorxu hissi keçirən Könül bankdan kreditə götürdüyü 1400 manatı Elmara verib.
Martın 18-də yenidən Könülə zəng edib, ona əri Vəfadarın iş yoldaşı Mərdanın onunla sevgi münasibəti saxlamasından şübhələndiyinə görə mobil telefonla video çəkiliş aparmaqla yumruq-təpiklə döyməsi və zorakılıq hərəkətləri etməsi barədə məlumat aldığını söyləyib.
Bunu dəqiqləşdirəndən sonra Könülün sevgilisi Mərdana zəng edib və bu məlumatları deməklə ondan pul tələb edib.
Mərdan da rüsvayedici məlumatların yayılmaması üçün 2 min manat ödəniş edib.
Elmar Mərdanla yenidən həmin il aprelinə vvəlində və sonunda iki dəfə əlaqə saxlayıb, onda olan rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Ayrı-ayrı vaxtlarda iki dəfəyə ümumilikdə ondan 450 manat alıb.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elmar ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, valideyinləri ilə birlikdə Lənkəran rayonunun kəndində yaşayır:
“Lənkəran şəhərində bərbər işləyirdim. Oğurluq cinayəti törətdiyim üçün məhkum olunmuşam və Masallı rayonu ərazisində yerləşən 11 saylı məntəqə tipli müəssisədə cəza çəkirəm. Həmçinin çay fabrikində fəhlə işləyirəm. Çay fabrikində fəhlə işləyən Könülü məlum hadisədən təxminən 6 ay əvvəl tanımışam. Onunla qohumluğum yoxdur, ədavətim və ziddiyyətim də olmayıb. Digər zərərçəkmiş də həmin çay fabrikdə fəhlə işləyir”.
“Mənə ərə gələcəyini bildirdi”
Elmarın sözlərinə görə, 2024-cü il dekabrında 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxandan bir neçə gün sonra anası Əntiqənin iş yoldaşları onu görmək üçün yaşadıqları evə gəliblər:
“Sonradan mənə məlum oldu ki, Könül də bizə gəlib. 2025-ci ilin fevral ayının təxminən əvvəllərində tanımadığım bir mobil telefon nömrəsindən mənə zəng gəldi. Cavab verəndə bir qadın mənə danışanın anamın iş yoldaşı Könül olduğunu, ona saxlamaq üçün ördək quşu gətirməyimi bildirdi. Həmin ərəfələrdə ördək və cücə alveri ilə məşğul idim. 4-5 gün sonra Könülün evinə 4 ördək apardım, amma pulunu almadım.
Təxminən 10 gün sonra Könül zəng etdi, bu dəfə toyuq cücələri istədi. Ona 15 toyuq cücəsi aparıb verdim, 25 manat aldım. Axşam saatlarında Könül votsapda mənə “salam, necəsən” səsli mesajını göndərdi. Mən də onu səsli mesajla salamladım, kefini-halını soruşdum. Həmin gündən onunla danışdım, söhbət etməyə başladım.
Bu müddətdə Könül əri Vəfadarla bir yataqda yatmadığını, ərinin başqa qadınlarla gəzdiyini və uşaqlarına görə bir evdə yaşadıqlarını bildirdi.
Həmçinin, Könül mənə yaraşıqlı oğlan olduğumu və şəkillərimi gördüyünü, subay olsaydı, mənə ərə gələcəyini bildirdi. Bu sözlər mənə xoş gəldi”.
“Kreditlə götürdüyü pulu mənə verdi”
Təqsirləndirilən şəxs deyib ki, bir dəfə Könül gecə vaxtı ona telefonda işə gedəcəyini bildirib, arxasınca maşın gələnədək onu görmək üçün yaşadığı məhəlləyə dəvət edib:
“Mən piyada onun yaşadığı məhəlləyə gələ bilməyəcəyimi dedim, istəsə başqa vaxtı görüşməyi təklif etdim. Mənimlə razılaşdı, bağlı bir məkanda görüşməyi istədi. Qərara gəldim ki, Könüllə tanışım Ceyhunun tək kirayədə yaşadığı mənzilində görüşüm. Saat 8 radələrində Könül marketin yanına gəldi, birlikdə mənzilə getdik. Onun öz razılığı ilə cinsi əlaqə olduq. Həmin günü Könüldən 1500 manat istədim. O, pulunun olmadığını, amma bankdan kredit götürərək verə biləcəyini bildirdi.
2-3 gün sonra Könül zəng edərək, yazıb-oxumağı bilmədiyini, səhər onunla banka getməyimi istədi. Səhəri gün bankının qarşısına gedərək onunla görüşdük. Könül bankdan 1500 manat kredit götürdü, 1400 manatı mənə verdi, 50 manatın komissiya haqqına çıxıldığını və 50 manatın da özünə lazım olduğunu bildirdi”.
Elmarın ifadəsinə görə, saat 17-18 radələrində Könül ona zəng edib, əri Vəfadarın Mərdanla onun danışığını tutduğunu deyib: “Könül günorta saatlarında ərinin dostu İslamla birlikdə iş yoldaşı Mərdanı yaşadıqları evə gətirdiklərini, evdə onu döydüklərini, butulka ilə ona zorakılıq etdiklərini bildirdi. Qorxumdan Könülə bir daha mənimlə əlaqə saxlamamağı tapşırdım.
Mobil telefon nömrəmi tulladım, daha Könüllə əlaqə saxlamadım”.
“Məndən qorxdu, 3000 manatı verəcəyini bildirdi”
Elmar qeyd edib ki, 2025-ci il martın axılarında Mərdanla görüşüb, ondan pul almaq qərara gəlib: “Çay fabrikinin qarşısına getdim, buraxılış məntəqəsindən Mərdanın mobil telefon nömrəsini götürdüm. Sonra işlədiyim bərbərxanaya qayıtdım, votsapda Mərdana zəng edib görüşməyi təklif etdim.
Mərdanın maşınında ona bildirdim ki, səni Könülün əri Vəfadar tanışı İslamla birlikdə yaşadığı evə aparıb, döydükdən sonra butulka zorakılıq ediblər. Dedim, 3000 manat verməsən, bu söhbəti yayacam. Mərdan qorxdu, 3000 manatı verəcəyini söylədi, amma bu söhbətin aramızda qalmasını xahiş etdi. Səhəri günü ona zəng edib, pulun hazır olub-olmadığını soruşdum, 2000 manat düzəltdiyini bildirdi.
Mərdanla çayqırağına yaxın yerdə görüşdük, ondan 2000 manatı aldım, bu söhbətin aramızda qalacağını bildirdim. Bir neçə gün sonra yenidən Mərdandan pul alaraq xərcləmək qərarına gəldim. Yenə ona zəng etdim, onunla icra hakimiyyətinin binasının yaxınlığında görüşdüm, 250 manat aldım. Bir neçə gün sonra yenə də icra hakimiyyətinin binasının yaxınlığında ondan 200 manat aldım”.
“Gülə-gülə dedim ki, nə qəşəng oğlun var”
Zərərçəkmiş Könül bildirib ki, Elmarın anası Əntiqə ilə çay fabrikində işləyir: “Əntiqənin oğlu həbsdən çıxandan sonra qadın iş yoldaşlarımla onlara gözaydınlığına getdik. Mən qadınlardan bir qədər tez getmişdim. Əntiqə məndən xahiş etdi ki, təkdir, süfrənin hazırlanmasına kömək edim. İlk dəfə Elmarı orada gördün. 28 yaşı olduğu üçün özümdən balaca bildim, üzündən öpdüm. Hətta Əntiqəyə gülə-gülə dedim ki, nə qəşəng oğlun var.
Məclisdən sonra qonaqlarla bir yerdə çıxıb getdik. Əntiqə ilə söhbət əsasında bildim ki, oğlu cücə satışı ilə məşğul olur. Ona cücə almaq istədiyimi dedim. Mobil telefonumun nömrəsini Elmara anası verib.
Mən Elmarın mobil telefonunun nömrəsini də bilməmişəm. Elmar zəng edərək özünü təqdim etdi. Dedi ki, şəhərə tərəf gedir, onda 5 ədəd ördək balası var. Mən də uşaqlarımla bir yerdə küçəyə çıxaraq ondan ördək balalarını götürdüm. Elmar itimə baxmaq üçün evimizin həyətə daxil oldu və uşaqlarımla bir qədər söhbət etdikdən sonra getdi.
Mən Əntiqəyə bir qadın kimi öz problemlərimi danışmışam. Sonradan məlum oldu ki, Elmar anasının votsapını öz telefonuna köçürməklə mənim onunla yazışmamdan xəbərdar olub”.
Zərərçəkmiş qadının ifadəsinə görə, Mərdanı 10 ildən çoxdur iş yoldaşı kimi tanıyır: “Ərim Vəfadar aramızda problemə görə çay fabrikinə gəlib mənim bütün əşyalarımı əlimdən aldı. Mən də üzərimdə olan 100 manatıƏntiqəyə saxlamaq üçün verdim ki, yoldaşım məni evdən qovduğu halda, Bakı şəhərində yaşayan valideyinlərimin yanına getmək üçün nəqliyyat pulum olsun”.
“Məni niyə pozğunxanaya gətirdiyini soruşdum”
Zərərçəkmiş qeyd edib ki, Elmarla saat 9:00-da yaşayış binasının yanında görüşüb və birlikdə mənzilə daxil olublar: “Mənzildə təqribən 1 saat qaldıq, bu vaxt mənzilin qapısı döyüldü. Elmardan soruşdum ki, mənzil kimindir? Dedi, bura, pozğunxanadır. Elmara məni normal evə söhbət etməyə aparacağını dediyini, niyə pozğunxanaya gətirdiyini soruşdum.
Elmarın dediyinə görə, mənzilin qapısını döyənlər hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Sonra biz mənzildən çıxaraq yaşadığımız evə getdik.
Daha sonra dəfələrlə Elmara zəng edərək həqiqətən də qapını döyən şəxslərin kim olduğunu soruşdum. O da hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu, ondan 3000-4000 manat məbləğində pul tələb etdiklərini mənə dedi. Oxumağı-yazmağı bilmədiyimə görə kredit götürmək üçün Elmarı özümlə banka apardım. Bankdan 1500 manat məbləğində kredit götürdüm. Həmin puldan 50 manat komissiya haqqı tutuldu, 50 manat özüm götürdüm, qalan 1400 manatı isə Elmara verdim.
1500 manat kredit məbləğinə görə bank faizi və gecikdirməyə görə hesablanmış dəbbə ilə birlikdə banka 1950 manat məbləğində borcum var”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan Elmar apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib. Onun əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilib və cəzası 4 il 6 aya endirilib.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5, 5.2.3 və 3.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılıb. Onun üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.