BAKI, 30 dekabr. TELEQRAF
Ağcabədi rayon sakini 1974-cü il təvəllüdlü Aydın Azərbaycan hüdudlarından kənarda qeyri-rəsmi münasibətdə olduğu tacik əsilli Şahnaz adlı qadını öldürməkdə ittiham edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, Şahnazı mərhəmət hissi olmadan öldürmək üsulu seçib.
2023-cü il sentyabrın 23-də Rusiya vaxtı ilə saat 6:00-da Aydın Moskva vilayətindəki Serpuxov şəhərində parkladığı “QAZ 2705” markalı avtomaşınından plastik butulkada benzini və alışqan götürüb. Şahnazın yaşadığı evin giriş qapısında benzini onun sifətinə və gövdəsinə boşaldıb.
Şahnaz dönə-dönə qatildən aman diləyib. Amma Aydın buna məhəl qoymayıb. Yanıq xəsarəti alan qadın ölüb.
İstintaq orqanı tərəfindən Aydının barəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.4-cü (Azərbaycan hüdudlarından kənarda, xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən Aydın ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Rusiyada metal məlumatları toplayaraq satmaqla məşğul olub:
“2023-cü il sentyabrın 22-də “Qazel” markalı yük avtomaşınla metal toplamaq üçün Ufa şəhərinə getdim. Orada işimi başa çatdırdıqdan sonra gecə Moskvaya qayıtdım, metal məmulatlarını təhvil verdim.
Şəhəri tərk edəndə maşında nasazlıq yarandı. Usta tapıb maşını təmir elətdirdim. Sentyabrın 23-də səhər saat 6 radələrində yaşadığım evə çatdım. Avtomobilin yağını dəyişərkən əlimə yağ və germetika dəymişdi. Onu su ilə təmizləmək mümkün olmadığından plastik qabda benzin götürdüm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadığı binaya doğru gedərkən küçənin digər başından Şahnazın əlində bir buket gül bloka tərəf gəldiyini görüb: “Gül buketini görəndə onun başqası ilə görüşdüyünü başa düşdüm. Haradan gəldiyini soruşdum, aramızda mübahisə yarandı. Əsəbi olduğum üçün benzini onun üzərinə səpərək alışqanla yandırdım".
Aydın Şahnazı öldürmək niyyəti olmadığını deyib: "Benzini əlimi yumaq üçün götürmüşdüm. Törətdiyim əməldən peşmanam”.
Təqsirləndirilən şəxs bildirib ki, Şahnazla 2015-ci ildə Ukraynada tanış olub: “Milliyyətcə tacik olsa da, uşaqlıqdan Ukraynada yaşamışdı. Onun birinci əri vəfat eləmişdi. Birinci nikahdan 2010-cu il təvəllüdlü Telman adlı övladı vardı.
Bir müddət ər-arvad kimi yaşadıqdan sonra 2017-ci ildə Ukraynada rəsmi nikah bağladıq. Özüm mütəmadi olaraq Azərbaycana gedib-gəlirdim. 2020-ci ildə bizim Seymur adında övladımız doğuldu. 2022-ci ilin əvvəllərində Rusiya-Ukrayna müharibəsi başlayanda Şahnazı və övladlarımızı götürərək Rusiyaya keçirdim”.
İş üzrə zərərçəkmiş Şahnazın hüquqi varisinin sözlərinə görə, 2023-cü il sentyabrın 23-də Tacikistanda olub: “Şahnazın rəfiqəsi mənə zəng edərək Aydının onun üzərinə benzin tökərək yandırdığını bildirdi. Məndən Rusiyaya gəlməyimi xahiş etdi. Sentyabrın 26-da ora getdim. Şahnaz sentyabrın 29-da aldığı xəsarətlərdən Moskva vilayəti Podolsk şəhər xəstəxanasında vəfat etdi. Təqsirləndirilən şəxslə barışmıram, onu bağışlamıram”.
Qeyd edək ki, Aydın bu dəhşətli cinayəti törədəndən sonra Rusiyanı tərk edib və Azərbaycana gəlib. Həmin il sentyabrın 27-də Aydının barəsində 2 ay müddətinə qiyabi həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib.
2024-cü ilin iyunun 10-da Aydın Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Aydın 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilib. Aydın şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.
Həmçinin müdafiəçi apelyasiya şikayətində təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Şikayətlər təmin olunmayıb.