BAKI, 10 dekabr. TELEQRAF

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi 7,6 milyon manat dəyərində təcili tibbi yardım avtomobilləri alacaq.

Teleqraf xəbər verir ki, mərkəz bu məqsədlə "Az-Tex-Import" MMC ilə 7 milyon 626 min 63,88 manatlıq müqavilə imzalayıb.

Müqavilə çərçivəsində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım və digər adda avtomobillər alınacaq. Müqavilə bir mənbə üzərindən bağlandığı üçün ümumilikdə neçə avtomobilin alındığı məlum deyil.

Qeyd edək ki, "Az-Tex-Import" MMC eyni zamanda Regional Su Meliorasiya Xidmətinə istehsal təyinatlı qəza-bərpa və təmir işləri üçün mexanizmlər satacaq. Bu müqavilənin dəyəri isə 17 milyon 982 min 799,98 manatdır.

Şirkət İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə isə nəqliyyat və xüsusi texnikaların (kran manipulyator, evakuator, xüsusi təyinatlı kombinə kanal təmizləyici, bortlu-cüt kabin və içməli su üçün nəqliyyat vasitələri) satacaq. Bu məqsədlə şirkətə 6 milyon 959 min 659 manat vəsait ödəniləcək.

“Az-Tex-Import” MMC 2022-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu ilin aprelində şirkətin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışı olub. Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirir.

Nizamnamə kapitalı 226 min 10 manat olan şirkətin qanuni təmsilçisi İlkin İbadullayevdir. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir. Dövlət Vergi Xidmətinin "Bir pəncərə" sistemində qeyd edilən məlumata görə, 2022-ci ilin noyabrınadək şirkətin qanuni təmsilçisi Samir İbadullayev olub. “Az-Tex-Import” MMC haqqında məlumatlar məhdud olduğundan onun maddi-texniki bazasının hansı səviyyədə olduğu da bəlli deyil.