BAKI, 10 dekabr. TELEQRAF
Noyabr ayı üzrə qiyməti artan və azalan qida və qeyri-qida məhsulları açıqlanıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın, armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın, alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yumurta 4,6 faiz, tərəvəz 1,5 faiz, qənd, cem, bal və şokolad, çay, qəhvə və kakaonun qiyməti isə 0,4 faiz bahalaşıb. Alkaqollu içkilər 1,3 faiz, süd məhsulları 0,3 faiz ət, balıq və çörək məmulatları isə 0,1 faiz bahalaşıb.
Ucuzlaşma isə meyvələrin qiymətində müşahidə edilib. Belə ki, ötən ay meyvələrin qiyməti 1,3 faiz, eyni zamanda, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətləri də 0,2 faiz ucuzlaşıb.
Ötən ay qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.