BAKI, 10 dekabr. TELEQRAF
Azərbaycan yaxın illərdə regionun ən təhlükəsiz sənaye mühitinə sahib ölkə kimi öz mövqeyini daha da gücləndirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev deyib.
Onun sözlərinə görə, bu mənada qarşıdakı illərdə böyük və iddialı hədəflər var:
“Bunlar təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğun yenilənməsi, peşəkar kadr potensialının gücləndirilməsi, rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və ən vacibi təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətin bütün qatlarında möhkəmləndirilməsidir.
Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu tamamilə yenidən yazır. Bu reallıq bizdən daha çevik, qabaqcıl və məsuliyyətli qərarlar tələb edir".