BAKI, 10 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard”da “Dönüş nöqtəsi” konsept mesajı altında III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Zirvə toplantısının keçirilməsində əsas məqsəd sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev sənaye təhlükəsizliyinin yalnız texniki məsələ olmadığını, milli təhlükəsizliyin, dayanıqlı inkişafın və ən əsası – insan həyatının qorunmasının əsas sütunlarından biri olduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna uyğun olaraq ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, risklərin minimuma endirilməsi və innovasiya yönümlü idarəetmənin gücləndirilməsi prioritetlər sırasında müəyyən edilib. Fövqəladə Hallar Nazirliyi bu prioritetləri ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir.
Zirvədə iştirak edən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında sənaye təhlükəsizliyinin müəssisələrin dayanıqlı inkişafı üçün vacib amil olduğundan və bu sahədə sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Azərbaycan sənayesi üçün əsl dönüş nöqtəsinin süni intellekt və texnoloji yenilikləri izləmək deyil, onları sənaye təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirən lider ölkələr sırasına qoşulmaq olduğunu vurğulayıb.
“SOCAR Downstream Management”in baş direktoru Emil Alxaslı çıxışında neft-qaz sektorunda təhlükəsizliyin təkcə istehsal prosesinin deyil, həmçinin korporativ mədəniyyətin ayrılmaz hissəsi olduğunu qeyd edib. O, bildirib ki, SOCAR bu istiqamətdə beynəlxalq standartlara uyğun innovativ yanaşmaları tətbiq etməyə davam edir.
Digər natiqlər də ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyindən və bu sahədə qabaqcıl təcrübələri paylaşmaqla Azərbaycanın iş mühitini daha etibarlı, dayanıqlı gələcəyə aparılması işinə dəstək verilməsinin əhəmiyyətindən danışıblar.
Sənaye Təhlükəsizliyi Zirvəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.
Zirvə, eləcə də “Qırmızı xətt” panelindən, “Safe Talks” adlı interaktiv müzakirə sessiyasından ibarət olmaqla 10-dək spiker və moderatorun, həmçinin 300-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.
Tədbirin sonunda “HSE Awards” təltifetmə mərasimi çərçivəsində SƏTƏMM sahəsində fərqlənmiş şəxslər, müəssisə və təşkilatlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.
***
09:00
Paytaxtda III Sənaye Təhlükəsizliyi Zirvəsi fəaliyyətə başlayıb.
Teleqraf xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.
Zirvədə sənaye və əmək təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinin təsirləri, eləcə də iş mühitinin təhlükəsizliyi sahələrində beynəlxalq təcrübələr və tətbiq olunan həllər müzakirə olunur.
Tədbirin məqsədi müxtəlif sahələr üzrə dövlət və özəl qurumların nümayəndələrinin, ekspertlərin və qərarvericilərin sənaye təhlükəsizliyi üzrə bilik mübadiləsi aparması, mövcud problemləri qiymətləndirməsi və mümkün həll yollarını müzakirə etməsidir.
Zirvədə səsləndirilən fikir və təkliflərin sənaye sahəsində təhlükəsizlik standartlarının təkmilləşdirilməsinə, təhlükəsiz və yaşıl gələcəyin qurulmasına töhfə verməsi gözlənilir.
III Sənaye Təhlükəsizliyi Zirvəsində peşəkarlar və sənaye nümayəndələri daxil olmaqla 250-dən artıq iştirakçı təmsil olunur.