BAKI, 10 dekabr. TELEQRAF

"Ford" şirkətinin baş direktoru Cim Farli bildirib ki, Qərb avtomobil istehsalçıları Çin şirkətləri ilə rəqabətdə həyatları uğrunda mübarizə aparırlar. Onun bu açıqlaması ABŞ istehsalçısı "Ford" ilə Fransanın "Renault" şirkəti arasında iki kiçik elektrik avtomobili istehsalı üçün yeni əməkdaşlıq sazişi elan olunandan sonra verilib.

Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, şirkətlər bəyan ediblər ki, onlar birlikdə iki kiçik elektrik avtomobili istehsal edəcəklər və ilk model artıq 2028-ci ilin əvvəllərində satışa çıxa bilər. Həmçinin birgə furqon (yük daşıma) istehsalı imkanları da araşdırılacaq.

Farli Parisdə jurnalistlərlə görüşdə deyib: “Biz sənayedə həyatımız uğrunda döyüşürük. Bunun ən yaxşı nümunəsi Avropanın özüdür.”

Çin elektrik avtomobili nəhənglərinin - xüsusilə BYD və "Chery" kimi markaların sürətli yüksəlişi Avropa və ABŞ istehsalçılarına ciddi təzyiq göstərir. Çin şirkətləri həm yüksək qiymətləndirilən, həm də Qərb modellərindən qat-qat ucuz elektrik avtomobilləri istehsal etməklə bazar paylarını artırırlar.

Kiçik və ucuz elektrik avtomobillərinin istehsalı Avropa şirkətləri üçün son dərəcə çətin olub; çünki Avropa istehsalçıları əsasən iri modellərə, yəni böyük batareya yerləşdirilə bilən avtomobillərə üstünlük veriblər.

Elan olunan iki yeni model "Renault"un "Ampere" elektrik avtomobili platforması üzərində qurulacaq, lakin dizayn "Ford" tərəfindən hazırlanacaq və ABŞ brendinin adı ilə satışa çıxarılacaq.

"Renault" ötən il "Ampere"ni müstəqil şirkət kimi birjada satışa çıxarmağı planlaşdırırdı, lakin investor marağının zəif olması səbəbilə layihə dayandırılmışdı.

Yeni avtomobillər "Renault"un Fransanın şimalındakı "Douai" zavodunda istehsal ediləcək. Həmin zavod artıq dizaynı və sərfəli qiyməti ilə yüksək qiymət alan elektrikli "Renault 5" modelini istehsal edir.

Son illər "Ford" Avropada ciddi problemlər yaşayır. Farli ötən il Avropada 4 000 iş yerinin ixtisarını, o cümlədən Böyük Britaniyada 800 nəfərin işdən çıxarılmasını elan etmişdi. Şirkət həmçinin yeni elektrik "Explorer" və "Capri" modellərinin istehsal planlarını, zəif iqtisadi vəziyyət və elektrik avtomobillərinə gözləniləndən aşağı tələbat səbəbilə azaldıb.

Farli bu həftə "Financial Times" qəzetində Avropanın elektrik avtomobili satış hədəflərini də tənqid edib və yazıb ki, Avropa istehsalçıları dünyanın ən aqressiv karbon tələbləri ilə eyni vaxtda Çindən dövlət tərəfindən subsidiyalaşdırılan elektrik avtomobili idxalının axını ilə üz-üzədir.

"Renault"un baş direktoru Fransua Provost bildirib: “Uzunmüddətli perspektivdə "Ford" ilə güclərimizi birləşdirmək, sürətlə dəyişən Avropa avtomobil bazarında bizi daha innovativ və daha çevik edəcək.”