BAKI, 9 dekabr. TELEQRAF

“BakuBus” MMC-nin Albalılıq qarajı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 658) üçün elektrik təchizatı işlərinin satın alınması ilə bağlı 12 milyon 255 min 098,48 manatlıq tenderinin qalibi bəlli olub.

Teleqraf xəbər verir ki, MMC “BAKELEKTRO” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb.

İşlərin bitmə tarixi 2027-ci ilin dekabr ayının ilk həftəsidir.

Qeyd edək ki, “BAKELEKTRO”nun nizamnamə kapitalı 20 238 228 manatdır. 2004-cü ildə dövlət qeydiyyatına alınan bu şirkətin hazırkı qanuni təmsilçisi Rzayev Emin Hüseynağa oğludur. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında şirkətin vergi ödəyicisi tarixçəsinə görə, 2009-cu ilin altıncı ayına qədər Emin Rzayev bu vəzifəni icra edib. Elə 2009-cu ilin iyun ayının 13-də Balababa (Baba) Hüseynağa oğlu Rzayev şirkətin qanuni təmsilçisi olub. Rəsmi sənədlərə görə, cəmi 3 ay bu vəzifədə qalıb. Balababa Rzayev hazırda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti olsa da, o illərdə “Bakıelektrikşəbəkə” ASC İdarə Heyəti sədri vəzifəsini daşıyırdı. Emin Rzayev “Azərenerji” prezidentinin qardaşıdır. MMC 2021-ci ildən bəri maliyyə hesabatını açıqlamayıb.

Nəzərə çatdıraq ki, "BakuBus" MMC Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri üçün “BAKELEKTRO” Açıq Səhmdar Cəmiyyəti ilə 2024-cü ildə 15 milyon 67 min 184 manatlıq müqavilə bağlayıb.

Diqqəti çəkən "BakuBus"ın milyonluq müqavilələri bir mənbədən satınalmasıdır. Xatırlatmaq yerinə düşərdi ki, bir mənbədən satınalma, dövlət satınalmaları haqqında qanunvericiliyin müəyyən etdiyi hallarda, yalnız bir təchizatçıdan mal və xidmətlərin satın alınması üsuludur. Bu zaman tender və ya kotirovka sorğusu kimi rəqabət metodları tətbiq edilmir. Qısası, bu metod xüsusi hallar üçün nəzərdə tutulub və məhdudlaşdırılmış satınalma vasitəsidir.