BAKI, 8 dekabr. TELEQRAF

Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçirmək planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

O bildirib ki, yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək:

"Biz bunu hədəfləmişik. Bu, beynəlxalq praktikada da var. Yaxın dövrlərdə bizim beynəlxalq səfərlərimiz də olmuşdu, digər ölkələrin də təcrübəsinə baxmışıq. Əgər Rəqəmsal Gömrük Dəyəri sistemi özü hər şeyin yerli-yerində olduğunu göstərirsə, şərti olaraq 30 dəqiqə ərzində limit qoyulur. Bəyannamə əgər gömrük məmuru tərəfindən 30 dəqiqə ərzində təsdiqlənməsi həyata keçirilmirsə, artıq sistem özü onu avtomatik təsdiqləyir və malların buraxılışı həyata keçiriləcək. Bu, təbii ki, növbəti illərdə qarşımızda duran layihədir.

Dövlət Gömrük Komitəsinin qarşısında belə bir hədəf var. Yəqin ki, növbəti ilin sonuna qədər biz çalışacağıq ki, bu sistemin də istifadəsi ilə bağlı 4-cü Gömrük Biznes Forumunda təqdimatlar edə bilək. Bu, bizim indi strateji hədəflərimizdən biridir və yəqin ki, biz ona nail olacağıq". - deyə o qeyd edib.