BAKI, 8 dekabr. TELEQRAF

Təchizat zəncirinin maliyyələşdirilməsi konteksində hazırda qanunverici və requlyativ baza hazırlanır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəsmisi Müşfiq Kərimov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.

O bildirib ki, Mərkəzi Bank tərəfindən təchizat zəncirinin maliyyələşdirilməsi, İslam bankçılığı, kredit reytinq sisteminin yaradılması üzrə müvafiq tədbirlər görülür. Qeyd olunan təşəbbüslərin icrasında Mərkəzi Bank bir sıra hədəflər müəyyən edir. Bu hədəflərin əsasını maliyyə əlçatanlığının artırılması və vəsaitlərin dəyərinin aşağı salınması təşkil edir.

Bu işlərin səmərəli görülməsi məqsədilə AMB iki istiqamətdə işlərin görülməsini nəzərdə tutur. Birincisi, qeyd edilən maliyyə mənbələrinin, maliyyə mənbələrinin sayının artırılmasıdır. Bunun üçün müvafiq normativ və qanunvericilik bazasının yaradılması nəzərdə tutulur.

Başqa bir məsələ, digər dövlət qurumları ilə inteqrasiyası və rəqəmsallaşma hesabına şəffaflığın artırılmasıdır.

Təchizat zəncirinin maliyyələşdirilməsi konteksində hazırda qanunverici və requlyativ baza hazırlanır. Bununla bağlı bir sıra məhsullar irəli sürülüb. Sadə dillə desək, sahibkarlar debitor borc sənədi ilə maliyyələşdirilmə mənbələri cəlb edə bilərlər.

Qeyd olunan istiqamətdə işlər görülür və hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir", - deyə AMB rəsmisi qeyd edib.