BAKI, 8 dekabr. TELEQRAF

Aqrar sahə üzrə idxal-ixrac həcmləri son 5 ildə balanslaşıb, yəni təqribən 1 milyard ABŞ dolları həcmində özünü ehtiva edir.

Teleqraf xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.

"Amma ixracın həcmində son illər ciddi artım müşahidə olunur. Son 5 ildə aqrar məhsulları ixracı 43% artıb. Bu müqayisəni 2015-ci ildəki göstərici ilə etsək, 2,9 dəfə artım olduğunu görə bilərik. 10 il əvvəl idxal-ixrac fərqi daha böyük idisə, indi artıq balansın olduğunu müşahidə edirik. Hədəfimiz bu il və növbəti il müsbət saldoya nail olmaqdır", - o qeyd edib.

"2025-ci ilin ilk 10 ayında aqrar sahə üzrə 27,5 % ixracda artım qeydə alınıb. Bu ixracda əsas payı meyvə-tərəvəz ixracı göstərib", - deyə o vurğulayıb.