BAKI, 8 dekabr. TELEQRAF

"Azərbaycan hazırda 10 ölkə ilə azad ticarət sazişi imzalayıb. Azad ticarət sazişləri ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir".

Teleqraf xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində deyib.

Onun sözlərinə görə, rüsumların aradan qaldırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması ixrac əməliyyatlarını sürətləndirir, xərcləri azaldır və emal və qeyri-neft sektorlarının rəqabət qabiliyyətini artırır:

"Bu da tranzit yüklərin cəlb olunmasını asanlaşdırır, regional nəqliyyat dəhlizlərindən, həm Avropa-Asiya, həm də Şimal-Cənub istiqamətlərində istifadə imkanlarını artırır. Nəticədə Azərbaycan təkcə ixracatçı ölkə kimi deyil, tranzit-logistika habı və regional ticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir".