BAKI, 8 dekabr. TELEQRAF

Dövlət Gömrük Komitəsində "2025-2030-cu illərdə Gömrük İnkişaf Strategiyası" üzrə çevik gömrük inzibatçılığının həyata keçirilməsi məqsədilə tam rəqəmsal mühitin yaradılması istiqamətində işlərə başlanılıb.

Teleqraf xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində deyib.

"Son dövrlərdə Avtomatlaşdırılmış Risk Analizi sisteminin tətbiqi nəticəsində sərhədkeçmə müddətinin 25%, gömrük rəsmiləşdirmə müddətinin 35%, fiziki yoxlamaların isə 22% azalmasına nail olunub. 2024-cü il ərzində malların gömrük dəyərində bildirişlər vasitəsilə 377 milyon manat məbləği üzrə 170 milyon 366 manat vəsait büdcənin gəlirlər hesabına cəlb edilib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş vəsaitin həcmi 4 milyard 343 milyon manat olduğu halda 2024-cü ildə faktiki büdcəyə köçürülən məbləğ 2 milyard 305 milyon manat və ya 53% artıq olaraq 6 milyard 648 milyon manat təşkil edib", - qurum rəsmisi qeyd edib.