BAKI, 30 iyul. TELEQRAF
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda 14 özəl tibb müəssisəsinə 2 ildə cəmi 4273,6 min manat vəsait ödəyib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının İcbari tibbi sığorta fondunun auditinin nəticələrinə dair məlumatında qeyd edilir.
Bildirilir ki, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik məlumatlarla kiçik fərqlərlə uyğunluq təşkil etmədiyi müəyyənləşdirilib. Eləcə də, icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin məhz hansı xərcləri əhatə etməklə müəyyənləşdirilməsi mexanizminin hər hansı hüquqi aktla və ya metodoloji sənədlə əsaslandırılması ilə bağlı audit çərçivəsində məlumat təqdim edilməyib.
Qeyd edək ki, bəzi hallarda alınmış dərman vasitələri üzrə ehtiyacdan az proqnozlaşdırma aparılmış, eləcə də dövlət proqram və tədbirlərinin əhatə etdiyi vətəndaşlar üzrə hesabat illəri üçün hesablanmış və alınmış dərmanlar və tibbi sərfiyyat ehtiyac sahiblərinə həmin ildə çatdırılmayıb.
Hüquqi aktların müəyyən etdiyi tələblərin düzgün tətbiq olunmaması vergi və icbari ödənişlərin təkrar nəzərə alınmasına səbəb olmaqla tibbi xidmətlərin tariflərinin 26 % daha çox hesablanılması ilə nəticələnib. Eləcə də, tariflərə daxil edilmiş xərclərin hesablanılması ilə bağlı hər hansı hüquqi və ya metodiki sənədin olmaması dəyər/tarif uyğunluğunun təmin edilməsində əsas risk faktorunu formalaşdırıb.
İstifadə olunan avadanlıqların dəyəri bir sıra hallarda alış qiymətlərindən daha yüksək qiymətlərlə tarifə daxil edilmiş, bəzi tibbi sərflərin dəyərinin tariflərdə təkrar nəzərə alınmasına yol verilib. Qeyd edilənlər, öz növbəsində, bəzi xidmətlərdə tariflərin artımına səbəb olub.