BAKI, 8 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp elan etdiyi tariflərdən sonra öz sərvətindən 500 milyon dollar itirib.

Teleqraf xəbər verir ki, “Forbes” biznes jurnalı aprelin 2-də genişmiqyaslı tarif planını açıqladığı gün Trampın sərvətini 4,7 milyard dollar olaraq qiymətləndirirdi, lakin cəmi bir həftə keçməmiş bu rəqəm təxminən 4,2 milyard dollara düşüb, çünki onun həm səhmlərinin, həm də şəxsi sərvətinin dəyəri ümumi bazar enişi ilə birlikdə azalıb.

Trampın ən böyük itkisi onun ən dəyərli aktivindən - “Trump Media and Technology Group”dan qaynaqlanır. Şirkətin səhmləri son üç ticarət günündə 8% ucuzlaşıb və bu, oktyabr ayından bəri ən aşağı göstəricidir. Onun bu şirkətdəki payı 2,2 milyard dollar dəyərində idisə, indi 2 milyard dollara enib.

Trampın kommersiya daşınmaz əmlak portfeli təxminən 90 milyon dollar dəyərində azalıb. Bu, əgər onun əmlakları birja siyahısında olan kommersiya əmlak şirkətləri ilə oxşar dəyər itkilərinə məruz qalıbsa, ehtimal olunan göstəricidir. Trampın ən dəyərli binalarından ikisində onunla ortaq olan “Vornado Realty Trust” şirkətinin səhmləri, onun tarif elanından ötən günün sonuna qədər 14% ucuzlaşıb. Nyu Yorkun daha bir böyük daşınmaz əmlak şirkəti “SL Green”in səhmləri isə 15% enib.

Trump-ın portfeli (bu siyahıya “Vornado” ilə birgə layihələr, “Trump Tower” və “40 Wall Street” də daxildir) hazırda təxminən 570 milyon dollar dəyərində qiymətləndirilir. Bu, keçən həftəki 660 milyon dollarlıq göstəricidən 90 milyon dollar azdır.