BAKI, 11 mart. TELEQRAF
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Turan Tovuz” matçında bakılı azarkeşlər pankart açdıqları üçün meydan sahibləri AFFA İntizam Komitəsi tərəfindən 15 000 manat cərimələnib. AFFA İK “Neftçi” azarkeşlərinin “Sizə nə VAR?” pankartını təhqiredici hesab edib. Və bunu görə İntizam Komitəsi tərəfindən İntizam Məcəlləsinin 52.6-cı maddəsinin sanksiyası tətbiq olunub.
Teleqraf-ın məlumatına görə, AFFA sözügedən pankartla bağlı qərar qəbul edərkən özü İntizam Məcəlləsinin tələblərini pozub.
Belə ki, əgər doğrudan da AFFA İK həmin pankartı təhqiredici hesab edirdisə, o zaman İntizam Məcəlləsinin 52.6-cı yox, 52.5-ci maddəsinin tələblərinin pozulması qənaətinə gəlməli idi.
AFFA-nın rəsmi saytında yayımlanan xəbərdə qeyd olunan 52.6-cı maddənin tələbləri aşağıdakı kimidir:
- AFFA-ya, onun üzvlərinə, habelə onların əməkdaşlarına qarşı geniş kütlə qarşısında (habelə oyunda) və ya kütləvi informasiya vasitələrində təhqiredici davranışın (o cümlədən bu təşkilatların imicinə və nüfuzuna zərər vura biləcək hərəkətlər) edilməsi halında ən azı 10 (on) oyun müddətinə oyuna buraxılmama, klub barəsində ən az 15.000 (on beş min) manat məbləğində cərimə tətbiq olunur.
Göründüyü kimi, 52.6-cı maddədə azarkeşlərə dair hər hansı müddəa yoxdur.
İntizam Məcəlləsinin 52.5-ci maddəsində isə klub azarkeşlərinin davranışından söz açılır. Burada konkret pankartla bağlı cəza da öz əksini tapıb. Maddənin 5-ci bənində deyilir:
- Klub azarkeşləri tərəfindən təhqiredici davranışa yol verilməsi (daha çox açıq-aşkar təhqir ehtiva edən şüarların səsləndirilməsi, təhqiredici plakatların və ya vizual materialların nümayişi formasında özünü göstərir) halında azarkeşsiz oyun keçirmə, stadiona daxil olmağa qadağa, stadiona giriş qadağası qoyula bilər. Əlavə olaraq klub barəsində 5000 (beş min) manatdan 8000 (səkkiz min) manata qədər cərimə tətbiq oluna bilər.
Göründüyü kimi, AFFA “Neftçi” barədə qanunauyğun qərar qəbul etməyib, İntizam Məcəlləsini heçə sayıb. 52.5-ci maddənin maddi olaraq maksimum sanksiyası 8 000 manat olduğu halda, AFFA azarkeşlərə aid olmayan maddə üzrə Bakı təmsilçisinə 15 000 manat cərimə kəsib.