BAKI, 17 oktyabr. TELEQRAF

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu 2025-ci ildə dünyanın ən yüksək qazanc əldə edən futbolçusu olub.

Teleqraf xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Məlumata görə, “Əl-Nəsr” klubunun oyunçusu olan Kriştianu Ronaldu son bir ildə ümumilikdə 280 milyon dollar qazanıb. Bunun 50 milyon dolları reklam müqavilələri, sponsorluq kimi futbol meydanından kənar gəlirlər təşkil edib.

İkinci yerdə Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messi qərarlaşıb. Onun illik gəliri 130 milyon dollar olub (60 milyon maaş və 70 milyon əlavə gəlir). Üçüncü pillədə isə “Əl-İttihad”da çıxış edən fransız forvard Karim Benzema qərarlaşıb. Onun gəliri 104 milyon dollardır.

Reytinqin ilk onluğuna həmçinin “Real”ın hücumçusu Kilyan Mbappe (95 milyon), “Mançester Siti”nin oyunçusu Erling Haaland (80 milyon), braziliyalı Vinisus Junior (60 milyon), “Liverpul”dan Məhəmməd Salah (55 milyon), “Əl-Nəsr”dən Sadio Mane (54 milyon)və “Barselona”nın gənc istedadı Lamin Yamal (43 milyon dollar) daxil olub.