
BAKI, 14 mart. TELEQRAF
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) üzvləri Fransanın Strasburq şəhərində, Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 67-ci iclasında iştirak edib.
Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycanı AMADA -nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Toplantıda Avropa ölkələrinin nümayəndələri antidopinq sahəsində aktual məsələləri müzakirə edib, qitənin koordinasiya olunmuş mövqeyini formalaşdırıb və WADA-nın qarşıdakı İcraiyyə Komitəsinin iclasına hazırlıq aparıblar.
İclasın əsas məqamlarından biri CAHAMA-nın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi olub. Fransa İdman Nazirliyinin Etika, dürüstlük və profilaktik siyasətlər bürosunun müavini Amandine Karton sədr, Yunanıstan Milli Antidopinq Agentliyinin rəhbəri Qriqorios Leon sədr müavini, AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev isə gender bərabərliyi üzrə məruzəçi vəzifəsinə seçiliblər.
Qeyd edək ki, xüsusi ixtisaslaşmış bir qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulmuş dövlətlərin antidopinq siyasəti üzrə mövqelərini əlaqələndirmək istiqamətində mühüm rol oynayır. Avropa ölkələrinin vahid mövqeyini təmin etməklə, komitə WADA-nın qərar qəbuletmə prosesində təsir imkanlarını gücləndirir, ədalətli və şəffaf qlobal antidopinq sisteminin inkişafına töhfə verir.