
Xorvatiya paytaxtında güləş üzrə "Zaqreb Open" adlı ilin ilk reytinq turnirinin birinci yarış günündə Azərbaycan milli komandası 5 medal qazanıb.
Teleqraf.com xəbər verir ki, yığma üzvlərindən ən yüksək nəticəni 70 kq çəki dərəcəsində Kənan Heybətov göstərib. Heybətov finalda İran yığmasının üzvü Sina Xaliliyə texniki üstünlüklə (12:1) qalib gələrək, qızıl medala sahib olub.
Digər finalçılara gəldikdə, 57 kq çəkidə İslam Bazarqanov ABŞ təmsilçisi Spenser Liyə 2:6, 86 kq çəkidə Arseniy Cioyev daha bir amerikalı Zahid Valensiyaya 0:8 hesabı ilə uduzub və gümüş medal əldə edib.
61 kq çəkidə Nürəddin Novruzov üçüncü yer uğrunda görüşdə iranlı Reza Momenizadəni 8:4, 65 kq-da isə Əli Rəhimzadə gürcüstanlı Qoqa Otinaşvilini 6:0 hesabı ilə yenib. Hər iki qalib pəhləvan bürünc medala yiyələnib.
Fevralın 6-da Azərbaycanın digər təmsilçilərindən Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) xalçaya çıxacaq.
***
21:08
Xorvatiya paytaxtında güləş üzrə "Zaqreb Open" adlı ilin ilk reytinq turniri start götürüb.
Teleqraf.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən sərbəst güləşçilər döşək üzərinə çıxıb.
57 kq çəki dərəcəsində İslam Bazarqanov 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabı ilə qalib gəlib. Bazarqanov yarımfinalda iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanıb. O, finalda ABŞ təmsilçisi Spenser Li ilə qarşılaşacaq.
61 kq çəkidə Nürəddin Novruzov təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb - 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leomid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə iranlı Reza Momenizadə ilə mübarizə aparacaq.
65 kq çəkidə Əli Rəhimzadə ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb - 3:0. Rəhimzadə 1/4 finalda ABŞ-dan olan Josef Makkennaya 4:7 hesabı ilə məğlub olub. O, bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşvili ilə güləşəcək.
70 kq çəkidə Kənan Heybətov təsnifat mərhələsində meksikalı Ostin Qomesdən güclü olub - 9:5. Heybətov 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb - 11:1. O, yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana göstərib - 10:5. Heybətov finalda İran yığmasının digər üzvü Sina Xalili ilə üz-üzə gələcək.
74 kq-da Ağanəzər Novruzov 1/4 finalda slovakiyalı Taymuraz Salkazanova 0:5 hesabı ilə məğlub olub. Azərbaycanlı güləşçi bürünc medal uğrunda görüşdə gürcüstanlı Giorgi Elbakidzeyə qalib gəlməyə çalışacaq.
86 kq çəkidə Arseniy Cioyev ilk iki cəhdində ukraynalı Muxammed Aliyev və gürcüstanlı Tariyel Gafrindaşviliyə vaxtından əvvəl (10:0) qalib gəlib. Cioyev ABŞ təmsilçisi Trent Hidleyi də 5:0 hesabı ilə üstələyərək adını finala yazdırıb. Onun həlledici qarşılaşmada rəqibi daha bir amerikalı Zahid Valensiya olacaq.
Qeyd edək ki, medallar uğrunda görüşlər Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.