BAKI, 12 fevral. TELEQRAF
Bakının Nərimanov rayonunda gecə klubunda etdiyi əxlaqsız hərəkətləri sosial şəbəkədə yayan şəxs həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Tərtər rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Səlimov (ad-soyad şərti verilib – red.) “pub”da əxlaqsız hərəkətlər edib. O, həmin hərəkətləri videoya çəkib və sosial şəbəkədə paylaşıb.
Bu paylaşımdan sonra polis bölməsinə dəvət olunub. Bu zaman o, polisin qanuni tələbinə tabe olmayıb.
Səlimovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddələri ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Səlimov 1 ay müddətinə həbs edilib.