İMİŞLİ, 9 oktyabr. TELEQRAF

Bu gün saat 14:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi cinsli, 2-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.

***

15:02

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın məlumatına görə, qəza Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, iki “Mercedes” markalı avtomobil toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri yol kənarına aşıb.

Nəticədə 5 nəfər xəsarət alıb, onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, yaralılardan biri dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.