BAKI, 29 sentyabr. TELEQRAF

Bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

14:26

Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru olub.

14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

2020-ci ildə xüsüsən əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olan "BYJABA Handmade in Azerbaijan" brendini yaradıb.

Ailəli idi, 4 övladı var.

Qeyd edək ki, ilk xəbəri "Qafqazinfo" saytı yayıb.