BAKI, 24 sentyabr. TELEQRAF

Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğınla əlaqəli iki nəfər tüstüdən zəhərlənib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB bildirilib.

Qeyd edilib ki, sentyabrın 24-də saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, R.Behbudov küçəsi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə ilkin tibbi yardım göstərilib, 1 nəfərin hospitalizasiyadan imtinası qeydə alınıb, 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Zəruri tibbi xidmət göstərilən şəxlər ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.

***

10:18

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

10:11

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan birində yanğınla əlaqədar təxliyə tədbirlərində polislər də iştirak edir.

Bu barədə Teleqraf-a DİN-dən məlumat verilib.

***

09:31

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Nazirlikdən Teleqraf-a verilən məlumata əsasən hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:23

Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verən yanğın hadisəsi səbəbindən Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

Məhdudiyyət aradan qaldırılıb.

***

08:49

Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Əlavə məlumat veriləcək.

***

08:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Əlavə məlumat veriləcək.