BAKI, 29 iyul. TELEQRAF

Siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına atılması yanğın təhlükəsi yaradır. Hazırda yay fəslinin davam etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru hava şəraitində daha ciddi yanğınlara səbəb olur.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, belə hadisələrdən biri Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46 ünvanında baş verib:

"Adı çəkilən ünvanda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış ibtidai araşdırmada vətəndaş tərəfindən siqaret çəkilməsi zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib. Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb, onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk etdiyindən yanğın hadisəsi baş verib".

Nazirliyin məlumatında daha sonra qeyd olunub ki, analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən təkrarlanma halları istisna edilmir:

"Bu da insanların kütləvi toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər təbiət ərazilərində yanğınların baş vermə riskini artırır. Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də səhlənkar davranışlara yol verməsinin nümunəsidir.

Bütün bunları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir.

Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!".