BAKI, 21 aprel. TELEQRAF
Bakının Nəsimi rayonunun Nizami küçəsində yanan anbarda icarəyə sex üçün yer götürən zərərçəkmiş sahibklar danışıb.
Teleqraf-ın xəbərinə görə, obyektlərdən birinin sahibi Elis Bayramova bildirib ki, bitki yağlarının satışı ilə məşğul olub:
"Anbarda çoxlu malımız var idi. İndi bunun dəqiq sayını demək istəmirəm. Amma mənə çox ziyan dəyib".
Elis Bayramovanın sözlərinə görə, yanğın baş verməsindən xəbəri olmayıb: "Mən evdəydim. Qızlar zəng edib yanğın barədə məlumat verdilər. Dərhal bura gəldim, gördüm, hər şey yanıb. Biz burada 4-5 ildir ki, işləyirdik. Bina köhnə deyildi, heç bir problem yox idi. Seximiz yeni təmir olunmuşdu. Mən altı uşaq anasıyam. Həmişə deyirdim ki, bu sex mənim üçün yeddinci övlad kimidir. Çünki bu işə sıfırdan başlamışdım".
Digər sahibkar Anar Məmmədov bildirib ki, kompüter və avadanlıqlarını həmin yanan anbarda sexlərdən birində saxlayıb: "Anbarda kompüterlər, printerlerlər və digər avadanlıqlar var idi. Yanğının baş verməsindən xəbərim yox idi. Seymur müəllim zəng etdi, mən də gəldim. Gördüm ki, hər şey yanıb. Çıxarılan mallar olanların yüzdə biri deyil. Burada anbarı kirayə götürmüşdüm. Otaqlar ayrı-ayrı şəxslərə məxsusdur".
Qeyd edək ki, bu gün Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın baş verib.
Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400 kvadrat metr olan elektronika və digər malların saxlanıldığı anbar 360 kvadrat metr sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.