TOVUZ, 11 aprel. TELEQRAF
Tovuzda halı pisləşən şagirdlər həkim müayinəsindən sonra evə buraxılıblar.
Bu barədə Teleqraf-a Məktəbəqədər və ümumtəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.
“Aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagirdin səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar.
Bildiririk ki, məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və evə buraxılıblar”, - qeyd olunub.
***
11:52
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
11:16
Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Bu barədə Teleqraf-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
***
11:14
Tovuz rayonunun Düz Cırdaxan kəndində zəhərlənən məktəblilərin şəxsiyyəti bilinib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənənlər məktəbin 7-ci sinif şagirdləri məktəblilər Solmaz Eyyubova, Mədinə Həsənova, Lalə Quliyeva və Bənövşə Ələkbərzadədir.
Onların sinifdə quraşdırılan istilik sobasından zəhərləndiyi ehtimal olunur.


.jpg)
***
10:10
Tovuz rayonunun Cırdaxan kənd məktəbində kütləvi zəhərlənmə olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, beş şagird zəhərlənib.
Məktəblilər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


.jpg)
.jpg)