BAKI, 14 Fevral, TELEQRAF

Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı “MedEra" Hospital MMC, “Abbasoğlu İnşaat” MMC, “Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service” MMC və “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa “İlkin-E” şirkəti, “Kerama Trade” MMC və “KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

Hazırda Binəqədi Rayon Məhkəməsində həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun məhkəmə prosesi keçirilir.