Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.